X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Berlində beynəlxalq hüquqa dair yüksək səviyyəli konfrans keçirilmişdir

"Davamlı inkişaf hüquqi dövlətçilik tələb edir - əməkdaşlığın imkanları"
mövzusunda beynlxalq konfrans

İyunun 9-10-da Berlində Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin təşkilatçılığı ilə “Davamlı inkişaf hüquqi dövlətçilik tələb edir – əməkdaşlığın imkanları” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Almaniya, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistan ədliyyə orqanlarının rəhbərləri, ali məhkəmələrin sədrləri, parlamentlərin və ombudsman institutlarının 200-ə yaxın nümayəndəsi iştirak etmişdir.

Azərbaycan ədliyyə nazirinin çıxışı

Azərbaycanı konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, habelə Milli Məclisin, ombudsmanın, Vəkillər Kollegiyasının və QHT-lərin nümayəndələri təmsil etmişlər.

Tədbiri Almaniyanın Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi və Avropa İttifaqının nümayəndəsi açaraq Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı Proqramı və Qafqaz təşəbbüsü çərçivəsində qanunun aliliyinin və vətəndaş cəmiyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri dəstəklədiklərini qeyd etmişlər.

Azərbaycanın ədliyyə naziri F.Məmmədov konfransda çıxış edərək dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə hüquqi dövlət quruculuğu, demokratiyanın gücləndirilməsi, insan hüquqlarının qorunması, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində aparılan genişmiqyaslı islahatlar barədə ətraflı məlumat vermiş, onların iqtisadi inkişafa böyük töhfəsini qeyd etmişdir.

Panel sessiyada müzakirələr

Konfrans iştirakçılarının diqqəti, həmçinin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, hakimliyə namizədlərin ən demokratik və şəffaf üsullarla seçilməsi, hakimlərin mükəmməl tədrisi, bu sahədə beynəlxalq təşkilatlar və xarici dövlətlərlə, xüsusilə Almaniya ilə həyata keçirilən uğurlu əməkdaşlığa cəlb edilmişdir.

Konfransda təşkil olunmuş iki sessiyada Azərbaycanın Ali Məhkəməsinin sədri və ədliyyə naziri iştirak edərək, məhkəmə islahatı zamanı toplanmış müsbət təcrübədən danışmış, hüquq islahatlarının həyata keçirilməsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi ətrafında faydalı müzakirələr aparmışlar. Çıxışlara və Azərbaycan təcrübəsinə böyük maraq göstərilmişdir.

Nümayəndə heyətinin digər üzvləri hakimiyyətlərin bölgüsü, məhkəmələrin müstəqilliyi, vəkillərin rolu, inzibati ədliyyənin təşviqi, mülkiyyət hüquqlarının təminatı, sərmayə şəraitinin yaxşılaşdırılması, ekologiya hüququnun inkişafı üzrə seminar-məşğələlərdə fəal iştirak edərək, Azərbaycan təcrübəsini bölüşmüş və faydalı fikir mübadiləsi aparmışlar.

 

Keçidlər