X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər görülür

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarının icrası ilə bağlı görülmüş işlər, köklü dəyişikliklərə səbəb olan mühüm addımlar qeyd edilmiş, ötən il regional apellyasiya məhkəmələrinin fəaliyyətə başlaması, Hakimlərin Etik Davranış Kodeksinin təsdiq olunması və məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydasının tətbiqinə başlanılması vurğulanmışdır.

Qeyd edilmişdir ki, məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmüş tədbirlər, xüsusilə hakimlərin fəaliyyətinin qiymətləndirilərək yenidən təyinatı, bu zaman peşəkarlıq və mənəvi saflıq prinsiplərinin əsas götürülməsi, habelə ötən dövrdəki fəaliyyətləri ilə vətəndaşların haqlı narazılıqlarına səbəb olmuş 35 hakimin səlahiyyətlərinə xitam verilməsi, yeni qaydalar əsasında tam şəffaf və obyektiv üsullarla seçilmiş şəxslərin hakim adına layiq bilinməsi ictimaiyyət tərəfindən böyük razılıq və rəğbətlə qarşılanmış, bütövlükdə məhkəmə hakimiyyətinə inamın artırılmasına xidmət etmişdir.

Bu sahədə tədbirlərin davamı olaraq Məhkəmə-Hüquq Şürasının iclasında Naxçıvan MR məhkəmələrinin səlahiyyət müddəti bitmiş hakimlərinin fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir. Aparılmış prinsipial təhlil və müzakirələr nəticəsində 2 hakimin işində olan nöqsan və çatışmazlıqlar nəzərə alınaraq onların fəaliyyəti qeyri-məqbul hesab edilmiş və yenidən hakim vəzifələrinə təyin olunmaları üçün təklif edilməmişlər.

Fikrət Məmmədovun sədrliyi ilə keçən iclasda bəzi hakimlər tərəfindən məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsi və belə hallara qarşı daim prinsipial münasibət göstəriləcəyi qeyd edilmiş, süründürməçiliyə, vətəndaşların haqlı narazılığına səbəb olan digər hallara, kobud qanun pozuntularına və həmçinin korrupsiya hüquqpozmalarına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiklərinə görə 6 hakim barədə intizam icraatları başlanılmışdır.

İclasda həmçinin, ölkəmizdə insan hüquqlarının təmin edilməsinə, vətəndaş cəmiyyətinin bərqərar olmasına yönələn köklü islahatların geniş vüsət alması bildirilərək, bu sahədə hüquqi maarifləndirmə işinin, xüsusilə hüquqşünasların insan haqlarının müdafiəsi ilə bağlı hüquqi biliklərinin artırılmasının zəruriliyi vurğulanmış, bu məqsədlə Məhkəmə-Hüquq Şurası tərəfindən gənc hüquqşünaslarla keçirilən kursların müsbət nəticələri qeyd edilmişdir.

Gənclərin insan hüquqlarının təmin edilməsinə yönələn islahatların mütərəqqi mahiyyəti barədə məlumatlandırılması, habelə onların peşəkar fəaliyyətə və işə qəbulla bağlı müsabiqələrə hazırlaşmalarına köməklik məqsədilə regionlarda da gənc hüquqşünaslar üçün hazırlıq kursunun keçirilməsinin vacibliyi vurğulanmış və növbəti kursun Gəncə şəhərində təşkili qərara alınmışdır.

Mütərəqqi tədris üsullarından istifadə edilməklə hazırlanmış həmin kursun tədris proqramında böyük təcrübəyə malik görkəmli mütəxəssislərin, o cümlədən beynəlxalq ekspertlərin mühazirələri nəzərdə tutulmuşdur.

Kurslarda iştirak etmək arzusunda olan şəxslərin sənədləri 21.01.2008-ci il tarixdən Gəncə Apellyasiya Məhkəməsində qəbul ediləcəkdir. 

Keçidlər