X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində ədliyyə fəaliyyətinin daha da təkmilləşdirilməsi üzrə ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, nazirliyin fəaliyyətinin qanunvericilik bazası və strukturu tamamilə yeniləşmiş, yeni qurumlar, o cümlədən regional ədliyyə şöbələri yaradılmışdır.

Ədliyyə fəaliyyətinin təkmilləşdirilməsində peşəkar kadr korpusunun formalaşdırılmasının əhəmiyyəti nəzərə alınaraq, işə qəbulun yüksək tələblər səviyyəsində, şəffaf prosedurlarla aparılması üzrə tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə təsdiq edilmiş, Ədliyyə Nazirliyi tərəfindən bu Əsasnamənin icrasından irəli gələn məsələləri tənzimləyən müvafiq qaydalar qəbul olunmuşdur.

Həmin Əsasnaməyə uyğun olaraq ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir. Müsabiqə test üsulu ilə keçirilən ixtisas imtahanından və söhbətdən ibarət olacaqdır.

Vakant vəzifələr əsasən məhkəmə icraçıları və nəzarətçiləri xidmətində, yeni yaradılan regional ədliyyə və qeydiyyat şöbələrində, Penitensiar xidmətdə və digər ədliyyə sahələrindədir.

Müsabiqədə iştirak etmək istəyən və Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər.

Sənədlər 2008-ci il yanvar ayının 7-dən mart ayının 7-dək Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) bütün iş günləri qəbul ediləcəkdir.

Qulluğa qəbulla bağlı aidiyyəti məsələlərlə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə 430-01-18, 430-11-05 telefonları vasitəsilə əlavə məlumat almaq olar.

Keçidlər