X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Prezident Fərmanının icrası diqqət mərkəzindədir

Ədliyyə Nazirliyinin Kollegiya iclasında ölkə Prezidenti cənab İlham Əliyevin "Ədliyyə orqanlarının inkişafı haqqında 17 avqust 2006-cı il tarixli Fərmanının icrası ilə bağlı görülmüş işlər müzakirə edilmişdir.

Kollegiyada çıxış edən ədliyyə naziri Fikrət Məmmədov fərmanla verilmiş tapşırıqların icrası üzrə həyata keçirilmiş kompleks tədbirləri qeyd etmiş, ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, vətəndaşlara hüquqi xidmətin, qanunyaradıcı fəaliyyətin, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin yaxşılaşdırılması, şəffaflığın artırılması, ədliyyə orqanlarına yüksək nəzəri və peşə hazırlığına malik şəxslərin işə qəbulu ilə bağlı görülmüş işləri vurğulamış, qarşıda duran vəzifələrdən danışmışdır.

Həmçinin, kollegiyada qeyd edilən fərmana uyğun olaraq yeni yaradılmış regional ədliyyə şöbələrinin fəaliyyətinin təşkili ilə bağlı görülmüş işlər müzakirə olunmuş, regionlarda müasir tələblərə cavab verən yeni penitensiar müəssisələrin inşasının davam etdirildiyi bildirilmişdir.

Qeyd olunmuşdur ki, son 6 ay ərzində nazirlik tərəfindən 1000-dən çox qanun, fərman, sərəncam və digər sənədlərin layihələrinə rəy verilmiş, 3000-ə yaxın hüquqi şəxs dövlət qeydiyyatına alınmış, notariat hərəkətlərinin və dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktlarının sayı artaraq 1,2 milyon təşkil etmiş, ödənilmiş dövlət rüsumunun məbləği isə 5 milyon manata çatmışdır.

Eyni zamanda ədliyyə tarixində ilk dəfə olaraq yeni, şəffaf prosedurlar əsasında test üsulu ilə müsabiqə nəticəsində ədliyyə orqanlarına işə qəbulun keçirilməsi vurğulanmış, 67 nəfərin seçilməsi və müvafiq təyinatların aparılması, onların təntənəli andiçmə mərasiminin təşkil edilməsi, habelə vakant olan ştat vahidlərinin komplektləşdirilməsi üçün növbəti müsabiqənin keçirilməsi qeyd olunmuşdur.

Bununla yanaşı, hazırda notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlərin sənədlərinin qəbulu başa çatdırılaraq test imtahanın keçirilməsi üçün təşkilati tədbirlər görülür.

Əhalinin hüquqi maarifləndirilməsinin genişləndirilməsi və nazirliyin fəaliyyətində şəffaflığın artırılması məqsədilə milli qanunvericiliyin elektron məlumat bazası internetdə yerləşdirilərək açıq istifadəyə verilmiş, nazirliyin internet səhifəsi interaktiv rejimə keçirilmişdir.

İclasda birinci instansiya məhkəmələri aparatlarının yeni strukturunun və məhkəmələrdə kargüzarlığın aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi, məhkəmələrdə icra və əmək intizamının təmin olunması məqsədilə yoxlamaların və monitorinqlərin keçirilməsi, habelə hakimlərin peşə səviyyəsinin artırılması ilə əlaqədar görülmüş tədbirlər barədə məlumat verilmişdir.

Kollegiyada, ədliyyə fəaliyyətinin ölkə Prezidentinin fərmanından irəli gələn vəzifələrə uyğun təkmilləşdirilməsi məqsədilə əlavə tapşırıqlar verilmiş, bir sıra qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınması məsələsinə baxılmışdır.

Keçidlər