X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

İnsan hüquqlarının müdafiəsi diqqət mərkəzindədir

Ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsinə yönəlmiş mütərəqqi islahatlar çərçivəsində insan hüquqlarının müdafiəsinə xüsusi önəm verilərək, bu sahədə beynəlxalq hüquq normalarının, eləcə də Avropa insan hüquqları Məhkəməsi təcrübəsinin öyrənilməsinə və tətbiqinə mühüm diqqət yetirilir. Bu məqsədlə Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluq tərəfindən hakimlər və dövlət ittihamını müdafiə edən prokurorlar üçün təşkil olunmuş ixtisasartırma kursunda aktual mövzulara geniş yer ayrılmış, tədrisə təcrübəli mütəxəssislər, nüfuzlu beynəlxalq ekspertlər cəlb olunmuşlar.

Bu günlərdə ölkəmizə dəvət edilmiş Avropa insan hüquqları Məhkəməsinin hakimləri Eqbert Meyer və Xanlar Hacıyev hakimlər və prokurorlar qarşısında maraqlı mühazirələrlə ilə çıxış etmişlər. Tanınmış mütəxəssis, Azərbaycanda tərcümə edilərək, hakimlər, prokurorlar və digər hüquqşünaslar arasında yayılmış insan hüquqları üzrə xüsusi Təlimatın müəllifi cənab Meyer və həmyerlimiz Xanlar Hacıyev Avropa Məhkəməsinin yeni presedentləri barədə məlumat vermiş, müvafiq Avropa Konvensiyası müddəalarının və presedent hüququnun tətbiqi məsələləri ilə bağlı faydalı müzakirələr aparılmışdır.

Cənab Meyer, həmçinin Ədliyyə Nazirliyinin Hüquq-Tədris Mərkəzində hakimliyə namizədlərlə görüşərək, mühazirə ilə çıxış etmiş, təmsil etdiyi Məhkəmənin iş təcrübəsindən danışmış, gələcək hakimlərə dəyərli tövsiyələr vermişdir.

Xəbər verildiyi kimi, Eqbert Meyer və Xanlar Hacıyev səfər çərçivəsində Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş - Məhkəmə-Hüquq Şurası üzvlərinin, Ədliyyə Nazirliyinin rəhbər işçilərinin, Baş prokurorun, məhkəmə sədrlərinin, Vəkillər Kollegiyası rəhbərliyinin qatıldığı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətinə dair dəyirmi masada iştirak etmişlər.

Eqbert Meyer və Xanlar Hacıyev Azərbaycanın bölgələrinə səfər edərək, yerli məhkəmələrin fəaliyyəti ilə tanış olmuş, hakimlərlə, prokurorluq və ədliyyə işçiləri ilə görüşlər keçirmiş, şəxsi iş təcrübələrini bölüşmüş, insan hüquqlarının müdafiəsi məsələləri ilə bağlı mühüm praktiki əhəmiyyətli səmərəli fikir mübadiləsi aparılmışdır. 

Keçidlər