X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahan verəcək

Ədliyyə Nazirliyinin növbəti Kollegiya iclasında əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması, notariat işinin təkmilləşdirilməsi və notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə müsabiqənin keçirilməsinin təşkili məsələləri müzakirə olunmuşdur. Bu məqsədlə, İxtisas komissiyasının yaradılması və namizədlərin sənədlərinin qəbuluna başlanılması barədə qərar qəbul edilmişdir.

Bununla əlaqədar notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşları sənədlərini Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə təqdim edə bilərlər (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 1).

Sənədlər 2007-ci il mayın 7-dən etibarən bütün iş günləri qəbul ediləcəkdir.

Şəhadətnamə almaq istəyən namizədlərin seçilməsi Notariat haqqında Azərbaycan Respublikası Qanununun və Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın, təcrübənin və müsahibələrin keçirilməsi Qaydasının tələblərinə əsasən həyata keçiriləcəkdir.

Qaydalara uyğun olaraq, İxtisas komissiyası şəhadətnamə almaq istəyən namizədlərlə yazılı imtahan (test üsulu ilə) və müsahibə keçirir. İmtahan və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər notarius yanında altı ay müddətinə təcrübəyə buraxılırlar.

Təcrübəni bitirmiş və təcrübə keçməkdən azad edilmiş namizədlərlə İxtisas komissiyası tərəfindən notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibə aparılacaqdır.

Tələb olunan sənədlərin siyahısı, imtahanın, təcrübənin və müsahibələrin keçirilməsi qaydaları ilə nazirlikdə, həmçinin nazirliyin internet saytında və Ədliyyə qəzetinin 2007-ci il may nömrəsində tanış olmaq, eləcə də 497-63-74, 497-63-69 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq olar.

Keçidlər