X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın, təcrübənin və müsahibələrin keçirilməsi Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda Notariat haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq məqsədi ilə şəhadətnamənin (bundan sonra şəhadətnamə) verilməsi üçün imtahanın, təcrübənin və müsahibələrin keçirilməsi, şəhadətnamənin və xüsusi notariusun qeydiyyat vəsiqəsinin (bundan sonra vəsiqə) verilməsi prosedurunu müəyyən edir.
1.2. Dövlət və ya xüsusi notarius kimi işləmək istəyən Azərbaycan Respublikasının hər bir vətəndaşı ali hüquq təhsilli olmalı, müvafiq mənəvi keyfiyyətlərə və peşə biliklərinə malik olmalıdır.
1.3. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, vəzifəsinin icrası ilə bağlı əvvəllər qanunvericiliyin tələblərini pozduğuna görə işdən azad edilmiş, qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunan, əvvəllər cinayət törətmiş və buna görə məhkum olunmuş, barəsində notariat fəaliyyəti ilə məşğul olmasının məhdudlaşdırılması və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə bəraətverici əsaslar olmadan cinayətin törədilməsi üzrə cinayət işinin xitam olunması haqqında qanuni qüvvəyə minmiş istintaq orqanı və ya məhkəmənin qərarı olan tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə notarius işləməyə qadir olmayan, 65 yaşına çatmış şəxs notarius ola bilməz.
1.4. Dövlət notariusuna Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş məhdudiyyətlər də tətbiq edilir.
1.5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin notariat fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən əməkdaşları, habelə notariat kontorlarında məsləhətçi və ondan yuxarı vəzifələrdə 2 ildən az olmayaraq işləyən şəxslər təcrübə keçməkdən azad edilirlər.
1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən şəxslər notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçirlər.
1.7. Naxçıvan Muxtar Respublikasının ərazisində şəhadətnamənin verilməsi üçün imtahanın, təcrübənin və müsahibələrin keçirilməsi, şəhadətnamənin və xüsusi notariusun qeydiyyat vəsiqəsinin verilməsi bu Qaydaya uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. 

2. Sənədlərin qəbulu

2.1. Şəhadətnamə (1 nömrəli əlavə) almaq istəyən vətəndaşların (bundan sonra namizəd) sənədlərinin qəbulu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.
2.2. Sənədlərin qəbul edilməsi müddəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir və bu barədə mətbuatda elan verilir.
2.3. Elan verilməzdən əvvəl dövlət və xüsusi notariusların, həmçinin notarius yanında təcrübə keçəcək şəxslərin sayı Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir.
2.4. Şəhadətnamənin alınması üçün namizəd Ədliyyə Nazirliyinə vahid forma üzrə ərizə (2 nömrəli əlavə) ilə müraciət etməli və həmin ərizədə dövlət və ya xüsusi notarius kimi fəaliyyət göstərmək istəyini bildirməlidir. Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:
2.4.1. şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;
2.4.2. kadrlar uçotunun şəxsi vərəqəsi;
2.4.3. tərcümeyi-hal;
2.4.4. ali hüquq təhsili haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq edilmiş surəti;
2.4.5. hərbi biletin və ya onu əvəz edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
2.4.6. əmək fəaliyyəti ilə məşğul olduqda əmək kitabçasının təsdiq edilmiş surəti (notariat qaydasında və ya kadrlar şöbəsi tərəfindən);
2.4.7. xidməti xasiyyətnamə (işləyənlər üçün);
2.4.8. fiziki və əqli cəhətdən sağlam olması haqqında Ədliyyə Nazirliyi Tibb baş idarəsinin arayışı;
2.4.9. 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil.
2.5. Sənədlərin tamlığı, onların namizədin ərizəsində əks olunmuş məlumatlara uyğunluğu müəyyən edildikdən sonra ərizələrin qəbulu jurnalında qeydiyyata alınır.
Natamam və ya bu Qaydaya uyğun olmayan sənədlər qəbul edilmir və namizədə aşkar olunmuş çatışmazlıqlar izah olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər ərizələrin qəbulu üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən təqdim edilə bilər.
2.6. Ərizələrin qəbulu müddəti başa çatdıqdan sonra təqdim olunan sənədlər (göstərilən müddət ərzində poçtla göndərilən sənədlər istisna olunmaqla) qəbul edilmir.
2.7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi namizəd müraciət etdikdən sonra 1 ay müddətində onun Notariat haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun olub-olmamasını araşdırır və nəticəsindən asılı olaraq toplanmış sənədləri ixtisas komissiyasına təqdim edir.
2.8. Namizədin müraciətinə baxılmasının nəticəsi barədə ona yazılı qaydada məlumat verilməlidir. 

3. İxtisas komissiyası

3.1. Namizədin təcrübəyə buraxılması məqsədilə bilik səviyyəsinin imtahan və müsahibə vasitəsi ilə yoxlanılması, notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibənin keçirilməsi, şəhadətnamənin verilməsi və ya onun verilməsindən imtina edilməsi ilə bağlı məsələlərin həll edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 7 nəfərdən ibarət tərkibdə ixtisas komissiyası yaradılır.
3.2. Çıxarılmışdır.
3.3. İxtisas komissiyası üzvlərinin səlahiyyət müddəti beş ildir. İxtisas komissiyasının səlahiyyət müddəti bitmiş üzvləri yenidən bu komissiyanın tərkibinə daxil edilə bilərlər.
3.4. İxtisas komissiyasının səlahiyyətlərinə aid bütün məsələlərin həllində komissiya üzvlərinin hüquqları bərabərdir.
3.5. İxtisas komissiyasının sədri, onun müavini və katibi komissiya üzvləri tərəfindən onların arasından komissiyanın birinci iclasında seçilir.
Komissiyanın iclaslarının keçirilməsi vaxtını komissiyanın sədri müəyyən edir.
3.6. İxtisas komissiyası 2 ay ərzində daxil olmuş sənədləri ümumiləşdirir, namizədlərin siyahısını tərtib edir, bundan sonra imtahanın və müsahibənin keçirilməsi üçün zəruri məlumatları özündə əks etdirən Yaddaş kitabçasının imtahana buraxılmış hər bir namizədə verilməsini təmin edir.
3.7. İxtisas komissiyası imtahanın suallar toplusunu təsdiq edir.
3.8. İxtisas komissiyası üzvlərinin aşağıdakı hüquqları vardır:
3.8.1. komissiyanın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək və təkliflər vermək;
3.8.2. komissiyanın iclaslarında iştirak etmək, iclasın aparılmasına dair fikirlərini bildirmək, suallar vermək;
3.8.3. komissiyynın qərar, protokol və digər sənədləri ilə tanış olmaq;
3.8.4. qəbul edilməsi təklif olunan qərara dair fikir söyləmək;
3.8.5. qəbul edilməsi təklif olunan qərarın lehinə və ya əleyhinə səs vermək, yaxud bitərəf qalmaq, qərarla razılaşmadıqda xüsusi rəy vermək;
3.8.6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
3.9. İxtisas komissiyası üzvlərinin vəzifələri aşağıdakılardır:
3.9.1. öz fəaliyyətlərində Notariat haqqında Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və bu Qaydaları rəhbər tutmaq;
3.9.2. komissiyanın iclaslarını üzrsüz səbəbdən buraxmamaq;
3.9.3. komissiyanın iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;
3.9.4. komissiya üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək;
3.9.5. komissiyanın iclaslarında baxılan məsələlər üzrə konfidensiallığa əməl etmək.
3.10. İxtisas komissiyası üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
3.10.1. öz arzusu ilə ixtisas komissiyası üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
3.10.2. barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda, habelə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə;
3.10.3. tutduğu vəzifədən azad olunduqda və ya başqa vəzifəyə keçdikdə;
3.10.4. üzrsüz səbəbdən ardıcıl üç dəfə və ya il ərzində altı dəfə komissiyanın iclaslarında iştirak etmədikdə;
3.10.5. bu Qaydanın 3.9-cu bəndində göstərilən vəzifələri icra etmədikdə;
3.10.6. əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar funksiyalarını yerinə yetirə bilmədikdə;
3.10.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda;
3.10.8. vəfat etdikdə.
3.11. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş ixtisas komissiyası üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Qaydanın 3.1-ci bəndinə uyğun olaraq təyin edilir.
3.12. İxtisas komissiyasının işi aşağıdakı qaydada təşkil olunur:
3.12.1. ixtisas komissiyasının sədri komissiyanın işini təşkil edir, onun iclaslarına sədrlik edir. İxtisas komissiyasının sədri olmadıqda sədrin səlahiyyətlərini sədr müavini, o olmadıqda isə komissiya üzvlərindən biri həyata keçirir;
3.12.2. ixtisas komissiyasının katibi komissiyanın iclaslarının protokolunu tərtib edir. İxtisas komissiyasının katibi olmadıqda iclasların protokolunu komissiya üzvlərindən biri tərtib edir;
3.12.3. ixtisas komissiyasının səlahiyyətinə aid edilmiş məsələlərə komissiyanın iclaslarında baxılır;
3.12.4. ixtisas komissiyasının iclasının tarixi, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiyanın katibi tərəfindən komissiya üzvlərinə qabaqcadan məlumat verilməlidir;
3.12.5. ixtisas komissiyasının iclası onun üzvlərinin azı beşi iştirak etdikdə səlahiyyətlidir;
3.12.6. ixtisas komissiyası müzakirə olunan məsələlər üzrə qərarlar qəbul edir. Qəbul olunmuş qərarlar iclasda iştirak etmiş komissiya üzvləri, iclas protokolları isə komissiyanın sədri və katibi, sədr və ya katib iclasda iştirak etmədikdə onları əvəz etmiş komissiya üzvləri tərəfindən imzalanır;
3.12.7. ixtisas komissiyasının qərarları açıq səsvermə və səs çoxluğu ilə qəbul olunur. İclasa sədrlik edən axırıncı səs verir və səslər bərabər olduqda onun səsi həlledicidir.
Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə olunur.
3.13. Namizədin müraciəti əsasında ixtisas komissiyası tərəfindən qəbul edilmiş qərarın surəti ona verilir (göndərilir).
3.14. Namizəd şəhadətnamənin verilməsindən imtina edilməsi barədə ixtisas komissiyasının qərarının surətini aldıqdan sonra 1 ay müddətində qanunvericiliyin tətbiqinin düzgünlüyünə dair məhkəməyə şikayət verə bilər.
3.15. İxtisas komissiyası imtahanın sual vərəqinin, düzgün cavabların siyahısının, cavab kartlarının, digər aidiyyəti sənədlərin imtahan keçirildiyi gündən, bal cədvəllərinin isə müsahibələrin keçirildiyi gündən 5 il müddətində saxlanmasını təmin edir.
Bu müddət başa çatdıqdan sonra ixtisas komissiyası sənədləri Ədliyyə Nazirliyinə təhvil verir və müvafiq sənədlər notariusun şəxsi işinə əlavə olunur. 

4. İmtahanın keçirilməsi

4.1. Test imtahanını ixtisas komissiyası Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra TQDK) ilə birlikdə həyata keçirir.
4.2. İmtahanın keçirildiyi tarix ixtisas komissiyası tərəfindən müəyyən edilir və bu barədə elan verilir. Elanda həmçinin İmtahana buraxılış vərəqəsinin (3 nömrəli əlavə) veriləcəyi tarix barədə məlumat verilməlidir.
4.3. İmtahana buraxılmış hər bir namizədə eyniləşdirmə kodu verilir. Eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və anonimliyin qorunmasına xidmət edir.
4.4. İmtahana 2 gün qalmış hər bir namizədə İmtahana buraxılış vərəqəsi verilir. Bu sənədə namizədin fotoşəkli yapışdırılır. İmtahana buraxılış vərəqəsində, habelə namizədin eyniləşdirmə kodu, imtahan keçirilən tarix, saat, ünvan, auditoriya, auditoriyadakı sıra və yer nömrəsi göstərilir.
4.5. İmtahanda yalnız eyniləşdirmə kodundan istifadə olunur. İmtahana buraxılış vərəqəsinə namizədin adının, soyadının və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş namizəd imtahandan kənarlaşdırılır.
4.6. Namizədlər İmtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq imtahana gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda namizəd imtahana buraxılmır. İmtahana buraxılış vərəqəsini itirmiş və ya onda düzəliş etmiş şəxs imtahana buraxılmır və həmin namizədə yeni İmtahana buraxılış vərəqəsi verilmir.
4.7. İmtahanın keçirilməsini təmin etmək məqsədilə ixtisas komissiyası tərəfindən imtahan rəhbəri və imtahan nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin sayı auditoriya üzrə 2 nəfərdən az olmamalıdır.
Komissiya tərəfindən beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri imtahanı müşahidə etməyə dəvət oluna bilər.
4.8. Namizəd imtahanın keçirilmə qaydalarını pozduqda, yəni saxta sənədlər təqdim etdikdə, köçürməyə yol verdikdə, imtahana rabitə vasitəsi gətirdikdə, imtahana öz yerinə başqasını göndərdikdə, yaxud imtahanın keçirilmə qaydalarına zidd digər hərəkətlərə yol verdikdə imtahanın rəhbəri və nəzarətçilər tərəfindən bu barədə akt tərtib edilir və həmin namizəd imtahandan kənarlaşdırılır. Müvafiq pozuntular imtahan başa çatdıqdan sonra aşkar edilərsə, pozuntuya yol vermiş namizədin imtahan nəticələri ixtisas komissiyası tərəfindən ləğv edilir.
4.9. Sual vərəqəsinə 100 sual daxil edilir və imtahan 3 (üç) saat müddətində fasilə verilmədən keçirilir.
4.10. İxtisas komissiyası tərəfindən təsdiq olunmuş suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 5 dəfə çox olmalıdır.
4.11. İmtahanın suallarının hazırlanması imtahana azı 10 gün qalmış başa çatdırılmalıdır. Suallar toplusuna ixtisas komissiyasının qapalı iclasında baxılıb təsdiq edildikdən sonra həmin suallar toplusu zərfə qoyulub möhürlənməklə xüsusi yerdə saxlanılır.
4.12. İxtisas komissiyası həmçinin imtahanın suallar toplusuna dair düzgün cavabların konfidensial siyahısını təsdiq edir. Siyahı ixtisas komissiyasının üzvləri tərəfindən imzalanır, ayrıca zərfə qoyularaq möhürlənir və xüsusi yerdə saxlanılır.
4.13. Namizəd imtahanın başlanmasına azı 1 saat qalmış imtahan verəcəyi binanın qarşısına gəlməli, binanın girişində imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mühafizə işçisinə təqdim edib binaya daxil olmalı və imtahana buraxılış vərəqəsində göstərilən auditoriyada öz yerini tutmalıdır. Hər masa arxasına bir namizəd əyləşir.
4.14. İmtahana 2 gün qalmış konfidensiallıq və obyektivlik təmin edilməklə ixtisas komissiyası sual vərəqəsinə daxil edilməsi üçün suallar toplusundan 80 imtahan sualı seçir.
Test imtahanına namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən etmək üçün mövcud suallar toplusundan əlavə 20 sual seçilir.
4.15. Seçilmiş suallar namizədlərin sayına uyğun olaraq çoxaldılır və onlara paylanması üçün imtahan rəhbərinə verilir.
4.16. İmtahan rəhbəri nəzarətçilərlə birlikdə cavab kartı (4 nömrəli əlavə) zərfinin möhürünü açır, cavab kartını namizədlərə paylayır və onun doldurulması qaydalarını izah edir.
4.17. Cavab kartları paylandıqdan sonra namizədlərə sual vərəqələri paylanır.
4.18. İmtahanın başlanması vaxtı sual vərəqəsi paylanıb qurtardığı andan hesablanır.
4.19. Cavab kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Cavab kartı onu doldurmuş namizəd tərəfindən imzalanır.
4.20. İmtahan qurtardıqdan sonra namizəd imtahana buraxılış vərəqəsini və cavab kartını imtahan nəzarətçilərinə təhvil verib auditoriyanı tərk edir.
4.21. İmtahanın başa çatması barədə protokol tərtib edilir. Protokol nəzarətçilər və iki namizəd tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahanın rəhbərinə verilir. İmtahan rəhbəri möhürlənmiş zərfi TQDK-ya təqdim edir. 

5. Cavab kartlarının yoxlanılması və balların hesablanması

5.1. Cavab kartlarını TQDK ixtisas komissiyasının iştirakı ilə yoxlayır.
5.2. Cavab kartlarının yoxlanılması və balların hesablanması müvafiq mütəxəssislər cəlb edilməklə avtomatlaşdırılma rejimində Elektron Hesablama Maşını vasitəsilə həyata keçirilir. Möhürlənmiş cavab kartları ilə yanaşı, imtahan suallarına düzgün cavabların siyahısı cəlb edilmiş mütəxəssislərə təqdim edilir.
5.3. İmtahanın qanunvericilik sahəsinə aid olan hər bir sualın düzgün cavabı 1 balla qiymətləndirilir (cəmi 80 mümkün bal).
5.4. İmtahanda namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən 20 sualın hər birinin düzgün cavabı 0,5 balla qiymətləndirilir (cəmi 10 mümkün bal).
Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır.
5.5. Cavab kartlararının yoxlanılması qurtardıqdan sonra imtahanın nəticələri ixtisas komissiyasının sədrinə təqdim edilir.
Nəticələr namizədlərə elan olunur.
5.6. İmtahanın yekununa görə 55 və ya daha çox bal toplamış namizəd müsahibəyə buraxılır.
5.7. Cavab kartları yoxlanıldıqdan sonra ixtisas komissiyası müsahibəyə buraxılan namizədlərin siyahısını tərtib edir.
5.8. İmtahanın nəticələrindən narazı qalan namizəd 5 gün müddətində ixtisas komissiyasına müraciət edə bilər. İxtisas komissiyası TQDK ilə birlikdə cavab kartını namizədin iştirakı ilə araşdırır və müvafiq qərar qəbul edərək ona bu barədə məlumat verir.
5.9. Araşdırma nəticəsində namizədin keçid bal topladığı müəyyən edilərsə, ixtisas komissiyası onun müsahibəyə buraxılması məsələsini həll edir. 

6. Müsahibənin keçirilməsi

6.1. Müsahibənin keçirildiyi tarix ixtisas komissiyası tərəfindən müəyyən edilir və bu barədə elan verilir.
6.2. Müsahibədə hüquq sahəsinə aid, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına və digər normativ hüquqi aktlarına dair, habelə namizədlərin ümumi dünyagörüşünü müəyyən edən suallar verilir.
6.3. Müsahibə hər bir namizədlə fərdi qaydada söhbət formasında bir qayda olaraq 30 dəqiqəyədək aparılır. Müsahibə zamanı hər namizədə 5 sual verilir.
6.4. Namizədə verilən suallar bal cədvəlinə (5 nömrəli əlavə) yazılır. Bal cədvəlində müsahibənin sonunda komissiya üzvləri tərəfindən imza edilir.
6.5. Namizədin verdiyi hər cavab ixtisas komissiyasının hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra komissiya üzvlərinin verdiyi qiymətlər toplanaraq müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünür.
Müsahibənin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.
6.6. Müsahibə nəticəsində 15 və daha çox bal toplamış namizədlərin sayı təcrübə keçənlər üçün vakansiyaların sayından çox olduqda daha yüksək bal toplamış namizəd təcrübəyə buraxılır. Digər namizədlər müsahibədən keçməmiş hesab edilirlər.
6.7. Toplanmış balların miqdarı eyni olduqda ardıcıl olaraq hüquq elmi üzrə dərəcəsi olanlara və hüquq fəaliyyəti sahəsində daha təcrübəlilərə üstünlük verilir.
6.8. Müsahibə başa çatdıqdan sonra ixtisas komissiyası təcrübəyə buraxılan namizədlərin siyahısını tərtib edir və müvafiq təqdimatla Ədliyyə Nazirliyinə müraciət edir. 

7. Təcrübənin keçirilməsi

7.1. Təcrübəyə buraxılan namizəd notarius yanında təcrübə keçməsi məqsədilə mülki hüquq müqaviləsi bağlanması üçün Ədliyyə Nazirliyinə dəvət olunur.
7.2. Təqdimat daxil olduqdan sonra təcrübəyə buraxılmış namizədlə Ədliyyə Nazirliyi arasında təcrübə keçməklə əlaqədar mülki hüquq müqaviləsi bağlanır. Həmin müqavilədə: 
müqavilənin bağlandığı yer və tarix; 
tərəflər haqqında məlumatlar; 
təcrübənin keçiriləcəyi yer; 
təcrübənin müddəti; 
təcrübə müddətində namizədin vəzifələri, o cümlədən notariat hərəkətlərinin sirrini saxlamaq borcu; 
əmək haqqının məbləği; 
iş rejimi və digər şərtlər əks olunur.
7.3. Namizəd onunla mülki hüquq müqaviləsi bağlandıqdan sonra Ədliyyə Nazirliyinin müəyyən etdiyi notariusun yanında 6 ay müddətində təcrübə keçir.
Bu Qaydanın 1.5-ci bəndində göstərilən vəzifələrdə 2 ildən az işləyən namizədlər təcrübəni işlədikləri yerdə fərdi proqram üzrə keçə bilərlər.
Yanında təcrübə keçirilən notariusun bu vəzifədə əmək stajı 5 ildən az olmamalıdır.
7.4. Təcrübə keçən namizədin xəstəlik və ya digər üzrlü səbəblərdən işdə olmadığı vaxt təcrübə müddətinə daxil edilmir.
7.5. Qeydiyyat və notariat baş idarəsi namizədlərin notarius yanında təcrübə keçməsini təşkil edir və onların təcrübə keçməsinə nəzarəti həyata keçirir.
7.6. Təcrübə keçdiyi müddətdə namizəd notariusun tapşırığı ilə notariat hərəkətinin aparılması üçün müraciət edən şəxslərə hüquqi yardım göstərə və məsləhətlər verə bilər.
7.7. Namizəd təcrübə müddətində notariat fəaliyyətinə dair peşə bilikləri əldə etməli, notariat fəaliyyəti üzrə kargüzarlığın aparılmasını və sənədlərin layihələrini tərtib etməyi öyrənməlidir.
7.8. Təcrübə keçənin peşə biliklərinə yiyələnməsi üçün notarius təcrübə müddətində ona köməklik göstərməlidir.
7.9. Zərurət yarandıqda təcrübənin keçirilməsi yeri dəyişdirilə bilər.
7.10. Təcrübə müddəti başa çatdıqdan sonra notarius təcrübə keçmiş namizəd barədə tərtib etdiyi xasiyyətnaməni ixtisas komissiyasına verilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edir.
Xasiyyətnamədə namizədin peşə biliklərinə və vərdişlərinə yiyələnməsi, əmək və icra intizamına əməl etməsi, notariat hərəkətlərini müstəqil həyata keçirmək imkanı, şəxsi keyfiyyətləri, habelə vətəndaşlarla və notariat kontorunun əməkdaşları ilə davranış tərzi əks olunmalıdır. 

8. Notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibənin keçirilməsi

8.1. Təcrübəni bitirmiş və təcrübədən azad edilmiş namizədlər şəhadətnamə almaq üçün notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibədən keçməlidirlər.
8.2. İxtisas komissiyası peşə hazırlığına dair müsahibənin keçirilməsinin tarixi və yeri barədə elan verir.
8.3. Müsahibə dövlət və xüsusi notarius olmaq istəyən şəxslər üçün ayrılıqda keçirilir.
8.4. Müsahibə hər bir namizədlə fərdi şəkildə, bir qayda olaraq 30 dəqiqəyədək aparılır.
8.5. Müsahibə zamanı namizədə notariat fəaliyyəti üzrə peşə hazırlığına dair 5 sual verilir.
8.6. Verilən suallar və namizədin cavabları bu Qaydanın 6.4-cü bəndində nəzərdə tutulmuş şəkildə sənədləşdirilir.
8.7. Namizədin verdiyi hər cavab bu Qaydanın 6.5-ci bəndində nəzərdə tutulmuş şəkildə qiymətləndirilir.
Müsahibənin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.
8.8. 15 və ondan yuxarı bal toplamış namizədlərin sayı notarius vakansiyalarının sayından çox olduqda, daha yüksək bal toplayan namizədlər peşə hazırlığına dair müsahibədən keçmiş hesab olunurlar.
8.9. Topladıqları balın miqdarına görə həmin saya daxil olmayan namizədlər müsahibədən keçməmiş sayılırlar.
8.10. Peşə hazırlığının yoxlanılması üzrə müsahibə başa çatdıqdan sonra onun nəticələri nəzərə alınmaqla şəhadətnamənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul olunur.
8.11. Qərar qəbul olunarkən peşə hazırlığına dair müsahibənin nəticələri dövlət və xüsusi notariat fəaliyyəti növü üzrə ayrılıqda qiymətləndirilir.
Toplanmış balların miqdarı eyni olduqda ardıcıl olaraq hüquq elmi üzrə dərəcəsi olanlara və hüquq fəaliyyəti sahəsində daha təcrübəlilərə üstünlük verilir.
8.12. Şəhadətnamənin verilməsi barədə qəbul edilmiş qərar Ədliyyə Nazirliyinə təqdim olunur.
8.13. Peşə hazırlığına dair müsahibədən keçməmiş namizədlər 3 il ərzində şəhadətnamə almaq üçün notarius vakansiyası olduğu halda, təcrübə keçmədən yenidən müsahibəyə buraxıla bilərlər. 

9. Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq məqsədi ilə şəhadətnamənin verilməsi

9.1. Peşə hazırlığına dair müsahibədən keçmiş namizəd ona şəhadətnamə verilməsi üçün Ədliyyə Nazirliyinə ərizə (6 nömrəli əlavə) ilə müraciət edir.
Ərizəyə şəhadətnamənin verilməsinə görə xüsusi hesaba şərti maliyyə vahidinin 50 misli məbləğində haqqın ödənilməsi barədə qəbz əlavə olunur.
9.2. Ərizə və qəbz təqdim edildikdən sonra Ədliyyə Nazirliyi 10 gün ərzində namizədə beş il müddətinə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verir.
9.3. Xüsusi hesaba bu Qaydanın 9.1-ci bəndinin ikinci hissəsində göstərilən məbləğdə haqqın ödənilməsi barədə qəbz təqdim edildikdən sonra 10 gün ərzində şəhadətnamənin müddəti daha beş ilə uzadılır və ona yeni şəhadətnamə verilir.
9.4. Verilən şəhadətnamələr bunun üçün Qeydiyyat və notariat baş idarəsində aparılan kitabda (7 nömrəli əlavə) qeydə alınır. 

10. Xüsusi notariusun qeydiyyat vəsiqəsinin verilməsi

10.1. Xüsusi qaydada notariat fəaliyyətini həyata keçirmək istəyən şəxs ona şəhadətnamə verildikdən sonra xüsusi notariusun qeydiyyat vəsiqəsini (8 nömrəli əlavə) almalıdır.
10.2. Bunun üçün şəxs fəaliyyət göstərəcəyi yeri razılaşdırmaq məqsədilə bu barədə Ədliyyə Nazirliyinə ərizə (9 nömrəli əlavə) ilə müraciət edir. Ərizəyə həmin yerin ona məxsus olmasını və ya onun tərəfindən icarəyə götürülməsini təsdiq edən sənəd əlavə olunmalıdır.
10.3. Razılıq verildikdən sonra vəsiqə almaq üçün Ədliyyə Nazirliyinə müvafiq ərizə (10 nömrəli əlavə) təqdim edilir. Həmin ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 
şəhadətnamənin surəti; 
sığorta girovunun ödənilməsi haqqında sənəd; 
xüsusi notarius kimi fəaliyyət göstərəcəyi Ədliyyə Nazirliyi ilə razılaşdırılmış yer barədə s ənəd.
10.4. Sənədlər Ədliyyə Nazirliyinə təqdim olunduğu gündən sonra 10 gün ərzində notariusa beş il müddətinə vəsiqə verilir.
10.5. Xüsusi notariusun şəhadətnaməsinin müddəti uzadıldıqda və ya fəaliyyət göstərdiyi yer dəyişdikdə ona yeni vəsiqə verilir.
10.6. Vəsiqələr bunun üçün Qeydiyyat və notariat baş idarəsində apar ılan kitabda (11 nömrəli əlavə) qeydə alınır. 

(sonrakı əlavə və dəyişikliklərlə)

Keçidlər