X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa Şurasının ekspertləri Azərbaycanda məhkəmə islahatlarını yüksək qiymətləndirmişlər

Ədalət mühakiməsinin səmərəliyinin artırılması və məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə ölkəmizdə mühüm tədbirlər görülmüş, bu sahədə fəaliyyətin beynəlxalq standartlara uyğun həyata keçirilməsi məqsədi ilə ötən ilin mart ayında Azərbaycan-Avropa Şurası birgə işçi qrupu yaradılmışdır.

İşçi qrupunun mütəmadi keçirilən iclaslarında ətraflı müzakirələr aparılmış, verilmiş tövsiyələr məhkəmə islahatı zamanı nəzərə alınmış və bu sahədə qəbul edilən qanunlar Avropa Şurasında ekspertizadan keçirilərək yüksək dəyərləndirilmişdir.

İşçi qrupunun bu günlərdə keçirilmiş növbəti iclasında ölkəmizdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, hakimlərin və prokurorluq işçilərinin tədrisinin səmərəliyinin artırılması üzrə faydalı müzakirələr aparılmış, müvafiq tövsiyələr verilmişdir.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov işçi qrupunun üzvləri ilə görüşmüşdür.

Ölkəmizin məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi üzrə dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə həyata keçirilən mütərəqqi tədbirlərə toxunan nazir Azərbaycanın Avropa Şurası ilə sıx əməkdaşlıq etdiyini vurğulamış, bu işdə birgə işçi qrupunun xüsusi rolunu, əldə edilmiş nailiyyətləri qeyd etmişdir.

Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və ədalət mühakiməsinin səmərəliyinin artırılması üzrə tədbirləri yüksək qiymətləndirən ekspertlər bu sahədə yeni qəbul edilmiş qanunların Avropa standartlarına uyğun olduğunu və Azərbaycanda mükəmməl məhkəmə sisteminin yaradılmasına xidmət etdiyini bildirmiş, ölkəmizdə hakim vəzifələrinə namizədlərin beynəlxalq normalara uyğun, şəffaf prosedurlar əsasında seçildiyini qeyd edərək onu Avropada ən mütərəqqi prosedurlardan biri kimi xarakterizə etmişlər.

Tədbirdə işçi qrupunun üzvü, İtaliyanın Neapol Məhkəməsinin hakimi, Avropa hakimlərinin Məşvərətçi Şurasının sədri Raffaele Sabato Azərbaycanda məhkəmə islahatlarına verdiyi töhfəsinə görə Ədliyyə Nazirliyinin rəmzi medalı ilə təltif edilmişdir.

Görüşdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev iştirak etmişdir.

Keçidlər