X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə fəaliyyəti yüksək tələblər səviyyəsində qurulur

Azərbaycan Respublikasında həyata keçirilən geniş miqyaslı hüquqi islahatlar çərçivəsində məhkəmə və ədliyyə fəaliyyətinin təkmilləşdirilməsinə xüsusi əhəmiyyət verilir. Ölkə Prezidenti cənab İlham Əliyevin "Ədliyyə orqanlarının inkişafı haqqında" və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən hakimlərin sayının artırılması ilə bağlı 17 avqust 2006-cı il tarixli fərmanları Azərbaycan ədliyyəsinin inkişafında və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm mərhələ olmuşdur.

Dövlət başçısının qeyd edilən fərmanlarının icrası ilə bağlı qarşıda duran vəzifələr Ədliyyə Nazirliyinin geniş kollegiya iclasında müzakirə edilmişdir.

İclasda "Ədliyyə orqanlarının inkişafı haqqında" ölkə Prezidentinin Fərmanının bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyət daşıması və ədliyyə işinə göstərilən xüsusi diqqət və qayğının növbəti təzahürü olması qeyd edilmiş, onun ədliyyə sahəsində dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsinə, fəaliyyətin aşkarlıq və şəffaflıq prinsipləri əsasında qurulmasına, əhaliyə göstərilən hüquqi yardımın yaxşılaşdırılmasına xidmət etməsi vurğulanmış, fərmanın hər bir ədliyyə işçisinin üzərinə yüksək məsuliyyət qoyduğu bildirilmişdir.

Ədliyyə və məhkəmə sahəsində həyata keçirilən kompleks islahatların, o cümlədən bölgələrdə ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinin yerli əhalinin bu orqanlara müraciət imkanlarının asanlaşmasına, habelə regionların sosial-iqtisadi inkişafına, xüsusilə yerli hüquqşünasların işlə təmin olunmasına, əhaliyə keyfiyyətli hüquqi yardım göstərilməsinə təkan verəcəyi vurğulanmışdır.

Çıxış edən ədliyyə işçiləri dövlət başçısının qeyd edilən fərmanlarını dərin minnətdarlıq hissi ilə qarşılayaraq, ədliyyə orqanlarına göstərilən bu yüksək etimadı layiqincə doğruldacaqlarını bildirmişlər.

Kollegiyada ədliyyə fəaliyyətinin yüksək tələblər səviyyəsində qurulması və ölkə başçısının fərmanlarının icrası ilə bağlı zəruri tədbirlər müəyyən olunmuş, konkret tapşırıqlar verilmişdir.

Keçidlər