X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa ədliyyə nazirlərinin 29-cu konfransı keçirilmişdir

Avropa ədliyyə nazirlərinin 29-cu konfransı

İyunun 17-19-da Norveçin Trömsö şəhərində Avropa Şurası tərəfindən Norveç hökuməti ilə birgə Avropa ədliyyə nazirlərinin 29-cu Konfransı keçirilmişdir. "Sükutu pozaq - məişət zorakılığına qarşı birləşək" mövzusuna həsr olunmuş tədbirdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədov təmsil etmişdir.

Azərbaycanın ədliyyə naziri
Fikrət Məmmədovun çıxışı

Avropanın 40-dan çox ölkəsinin ədliyyə orqanları rəhbərlərinin iştirak etdiyi Konfransda Avropa Şurası Baş katibinin müavini Mod de Bur-Bukikkio, Norveçin ədliyyə naziri Knut Storberqet və BMT Baş katibinin müavini Aşa-Roz Miqiro tərəfindən giriş sözü ilə çıxış edilmişdir. Vurğulanmışdır ki, gender bərabərliyi dünyada xüsusi əhəmiyyət kəsb edən məsələlərindəndir və ailədə məişət zorakılığı insan hüquqlarının pozuntusu olaraq, uzun müddət ərzində qapalı, qadağan olunmuş məsələ kimi qalmış, halbuki statistikaya əsasən dünyada hər üçüncü qadın kobud davranışın qurbanı olur. Bu problemin aradan qaldırılması üçün Avropa Şurası tərəfindən hazırda xüsusi Konvensiya layihəsinin hazırlanması bildirilmişdir.

Avropa ədliyyə nazirlərinin xatirə şəkli

Tədbirdə çıxış edən respublikamızın ədliyyə naziri Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin gender probleminə xüsusi diqqəti nəticəsində Azərbaycanda qadınların rolunun artırılması, onlara münasibətdə dövlət siyasətinin gücləndirilməsi, ayrı-seçkiliyin aradan qaldırılması üzrə mühüm tədbirlərin görüldüyünü qeyd etmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin davamı olaraq mühüm qərarlar, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsini nəzərdə tutan İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı, Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı qəbul edilmiş, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış «Məişət zorakılığına qarşı mübarizə haqqında» qanun layihəsinin Milli Məclisdə müzakirədə olduğu söylənilmişdir.

Türkiyənin ədliyyə naziri ilə görüş

Mötəbər tədbir iştirakçılarının diqqəti Ermənistanın təcavüzü nəticəsində  1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına, xüsusilə 250 min ailənin üzləşdiyi sosial, mənəvi və məişət problemlərinə və bundan irəli gələn psixoloji gərginliyə cəlb edilmişdir.

Çıxışda məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsinə dair bir sıra təkliflər irəli sürülmüşdür.

Maraqla qarşılanmış ingilis dilində çıxışın, həm də rus dilində olan mətnləri, habelə məişət zorakılığının qarşısının alınmasına dair xüsusi hazırlanmış broşuralar və videoroliklərin DVD-ləri tədbir iştirakçıları arasında yayılmışdır.

 

Tədbirdə məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsi, beynəlxalq hüquqi yardımın səmərəliliyinin artırılması, qanun aliliyinin möhkəmləndirilməsinə dair 3 qətnamə qəbul olunmuş, Avropa Şurasının bir sıra konvensiyaları imzalanmaq üçün açıq elan edilmişdir.

Konfrans zamanı Azərbaycan ədliyyə nazirinin Avropa Şurası baş katibinin müavini, İnsan hüquqları üzrə Avropa komissarı və digər rəsmi şəxslərlə görüşləri olmuş və əməkdaşlığa dair danışıqlar aparılmışdır.

Səfər çərçivəsində həmçinin, bir sıra dövlətlərin, o cümlədən Türkiyə, Niderland, Macarıstan, Slovakiya, Avstriya və digər ölkələrin ədliyyə nazirləri ilə işgüzar görüşlər keçirilərək qarşılıqlı fəaliyyət üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

 

 

Niderlandın ədliyyə naziri ilə görüş

İnsan hüquqları üzrə
Avropa komissarı ilə görüş

Keçidlər