X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına işə qəbul müsabiqə əsasında aparılır

"Ədliyyə orqanlarına işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsinə dair müvəqqəti qaydalar"ın təsdiq edilməsi barədə Ədliyyə Nazirliyi üzrə əmr verilmişdir.
Əmrdə qeyd olunur ki, ədliyyə orqanlarında kadrlarla işin yaxşılaşdırılması, işçilərin bilik səviyyəsinin və peşəkarlığının artırılması, kadr korpusunun yüksək nəzəri və peşə hazırlığına, mənəvi təmizliyə malik işçilər hesabına formalaşdırılması üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Ədliyyə Nazirliyində vakant vəzifələrin hazırlıqlı kadrlarla komplektləşdirilməsi üçün Bakı Dövlət Universiteti ilə razılaşmaya əsasən tələbələrin nazirlikdə təcrübə keçməsi və hüquq fakültəsini yüksək göstəricilərlə bitirmiş gənc mütəxəssislərin seçilərək nazirliyə işə qəbul olunması, habelə müsahibələr aparılması təcrübəsi tətbiq olunmuş, penitensiar sistemə, tibb idarəsinə və əhalinin dövlət reyestri xidmətinə işə qəbul mətbuatda elanlar verilməklə, açıq müsabiqə əsasında aparılaraq yüksək hazırlıq səviyyəsinə və zəruri mənəvi keyfiyyətlərə malik olan 100-dən çox namizəd müvafiq təyinatlar almışlar.
Əməkdaşların peşəkarlıq səviyyəsinin yoxlanılması və tutduqları vəzifələrə uyğunluğunun müəyyən edilməsi üçün attestasiya komissiyasının işi yenidən qurulmuş, işçilərin peşə hazırlığının artırılması məqsədilə nazirliyin tədris mərkəzlərinin imkanlarından səmərəli istifadə olunmuş, o cümlədən işə yeni qəbul edilən şəxslər tədris kurslarına cəlb olunmuşlar. İşçilərin məsuliyyət hissinin artırılması üçün intizam təcrübəsi qaydaya salınmış, onların həvəsləndirilməsində xüsusi rütbələrin mənəvi stimul rolu artırılmış, bu sahədə əsassız gecikdirmə halları qətiyyətlə aradan qaldırılmış, əməkdaşlar yay, qış geyim formaları ilə və nəfis hazırlanmış xidməti vəsiqələrlə təmin edilmişlər.
Həmçinin, kadr işi sahəsində fəaliyyətin müasir tələblərə, dövlət qulluğu və korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyə uyğun qurulması məqsədilə ədliyyə orqanlarına işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydalarının layihəsi hazırlanaraq, Nazirliyin kollegiyası tərəfindən bəyənilmiş və razılaşdırılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təqdim edilmişdir.
Həmin layihə TQDK-nın təklifləri, habelə Ədliyyə Nazirliyi haqqında Əsasnamənin tələbləri nəzərə alınmaqla təkmilləşdirilmiş və ədliyyə orqanlarında qulluqkeçmə ilə bağlı müvafiq normativ hüquqi aktlar qəbul edilənədək bu sənədin müvəqqəti qaydalar kimi təsdiq edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Əmrin icrasının təşkili üzrə Nazirliyin müvafiq qurumlarına konkret tapşırıqlar verilmişdir. 

AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Ədliyyə orqanlarının kadr korpusunun müsabiqə əsasında, şəffaf prosedurlarla və aşkarlıq şəraitində yüksək nəzəri və peşə hazırlığına, mənəvi təmizliyə malik işçilər hesabına komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Məlumat verildiyi kimi, qəbul olunmuş yeni qaydalara əsasən ədliyyə orqanlarına işə qəbul arzusunda olan namizədlərin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, ədliyyə orqanlarında qulluğa yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə açıq müsabiqə elan edilmişdir. Müsabiqə test imtahanından və söhbətdən ibarətdir.
Hazırda müsabiqədə iştirak etmək istəyən ali hüquq təhsilli, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikası vətəndaşlarının sənədlərinin qəbulu davam edir.
Sənədlər nazirliyin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) bütün iş günləri qəbul edilir.
Arzu edənlər tələb olunan sənədlərin siyahısı və işə qəbul qaydaları ilə nazirlikdə, həmçinin, nazirliyin internet saytında (www.justice.gov.az) tanış ola, eləcə də 430-01-78, 430-11-05 telefonları vasitəsilə əlavə məlumat ala bilərlər.
Eyni zamanda xatırladırıq ki, nazirliyin penitensiar və tibb sahələrinə, həmçinin, əhalinin dövlət registri xidmətinə işə qəbulla bağlı elan olunmuş musabiqə davam edir. 


"Dövlət qeydiyyətına alınmışdır"
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat  3220
01.05.2006 - cı il
Nazir Fikrət Məmmədov
  Azərbaycan Respublikası ədliyyə
Nazirinin 28.04.2006 - cı il tarixli 
5 - T - li əmri ilə təsdiq edilmişdir

ƏDLİYYƏ ORQANLARINA İŞƏ QƏBUL OLUNMAQ ÜÇÜN NAMİZƏDLƏRLƏ MÜSABİQƏNİN KEÇİRİLMƏSİNƏ DAİR MÜVƏQQƏTİ 

Q A Y D A L A R

1. Ümumi müddəalar
1.1. Bu müvəqqəti qaydalar ədliyyə orqanlarında qulluqkeçmə ilə bağlı müvafiq normativ hüquqi aktlar qəbul edilənədək və yeni qaydalar tətbiq olunanadək "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 03.09.2001-ci il tarixli 566 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları"nın müddəalarına uyğun hazırlanmışdır və ilk dəfə ədliyyə orqanlarına dövlət qulluğunda inzibati vəzifələrin 6-9-cu təsnifatına bərabər vəzifələrə işə qəbul olunmaq üçün namizədlərlə (bundan sonra namizədlər) müsabiqənin keçirilməsini tənzimləyir.
1.2. Dövlət notariusu vəzifələrinə təyinat, penitensiar xidmətə, habelə Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzinə, Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya Problemləri İnstitutuna, Dövlət notariat və Respublika VVA arxivlərinə ilk dəfə işə qəbul əmək qanunvericiliyi və müvafiq statut qanunvericilik aktlarına əsasən həyata keçirilir.
Həmçinin, bu Qaydalar tədris kurslarını bitirmiş və yekun müsahibədən uğurla keçmiş, lakin vakansiya olmadığına görə hakim vəzifəsinə təklif olunmamış, Məhkəmə-Hüquq Şurası tərəfindən ədliyyə orqanlarına işə qəbulu tövsiyə edilmiş şəxslərə şamil olunmur.
1.3. Ədliyyə orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, ədliyyə orqanlarında qulluğa yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə keçirilir. Müsabiqə test imtahanından və söhbətdən ibarətdir.
1.4. Ədliyyə orqanlarında müvafiq vakant ştat vahidləri olduqda işə qəbulla əlaqədar müsabiqə elan edilir.
1.5. Müsabiqəyə ali hüquq təhsilli, ədliyyə orqanlarında işləmək üçün zəruri peşə və mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikasının vətəndaşları buraxılır.
1.6. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olanlar, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə ədliyyə orqanlarında işləməyə qadir olmayan, cinayət törətməyə görə əvvəllər məhkum olunmuş, məhkəmə, prokurorluq, ədliyyə və digər hüquq-mühafizə orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş və qanunvericiliklə nəzərdə tutulmuş digər şəxslər müsabiqəyə buraxılmırlar.
1.7. Ədliyyə Nazirliyinin müstəqil tabe qurumlarında ali təhsil tələb olunan vəzifələrdə çalışan, həmçinin məhkəmə, prokurorluq və hüquq-mühafizə orqanlarından, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən ədliyyə orqanlarına işə keçirilən, yaxud müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər və ya rəhbər vəzifələrə namizədlər test imtahanından azad oluna bilərlər. Bu halda onlarla, həmçinin ali hüquq təhsili tələb olunmayan vəzifələrə namizədlərlə söhbət aparılır.
1.8. Naxçıvan Muxtar Respublikası ərazisində ədliyyə orqanlarına müvafiq vəzifəyə işə qəbul bu Qaydalara uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. 

2. Müsabiqə Komissiyası 
2.1. Müsabiqənin keçirilməsi üçün Ədliyyə Nazirliyində 7 nəfərdən ibarət Müsabiqə Komissiyası (bundan sonra Komissiya) yaradılır. Komissiyanın tərkibi sədr, sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla Ədliyyə Nazirliyinin Kollegiyasında baxılaraq təsdiq edilir.
2.2. Komissiya 3 il müddətinə təyin edilir və zərurət olduğu hallarda, onun tərkibində müvafiq dəyişiklik edilə bilər.
2.3. Komissiyanın işinə nüfuzlu hüquqşünaslar, alimlər və digər mütəxəssislər cəlb edilə bilər.
2.4. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayı yolla Komissiyanın işinə təsir, qanunsuz müdaxilə yolverilməzdir.
2.5. Komissiya zərurət olduğu hallarda səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar iclas keçirir. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə məsul katib tərəfindən Komissiya üzvlərinə qabaqcadan məlumat verilir.
2.6. Sədr olmadıqda komissiyanın iclasına sədr müavini, o, olmadıqda isə komissiya üzvlərindən biri sədrlik edir.
2.7. Komissiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir, iclasda iştirak edən bütün Komissiya üzvləri tərəfindən imzalanır. Komissiyanın sədri sonuncu səs verir. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. 

3. Sənədlərin qəbulu 
3.1. Ədliyyə orqanlarına işə qəbul olunmaq arzusunda olan və bu Qaydaların 1.5 və 1.6-cı bəndlərinin tələblərinə cavab verən şəxslər Komissiyaya vahid forma üzrə ərizə (əlavə olunur), kadrların uçotunun şəxsi vərəqəsi, tərcümeyi-hal, ali təhsil haqqında sənədin (diplomun) və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti, əmək kitabçasının (notarial və ya Kadrlar xidməti tərəfindən) təsdiq edilmiş surəti, sağlamlıq barədə Ədliyyə Nazirliyi tibb xidmətinin arayışı, ərazi üzrə rayon Hərbi Komissarlığından qeydiyyat haqqında sənəd və 4x6 sm ölçüdə 4 ədəd rəngli fotoşəkil təqdim etməlidirlər. Müraciət edən şəxs özünü xarakterizə edən başqa sənədləri də təqdim edə bilər. İşə qəbul barədə kütləvi informasiya vasitələrində (internetlə) elan verilir.
3.2. Ərizələrin qəbulu müddəti başa çatdıqdan sonra təqdim olunan sənədlər (göstərilən müddət üçün poçtla göndərilən sənədlər istisna olmaqla) qəbul edilmir.
3.3. Ərizələrin qəbulu Ədliyyə Nazirliyinin Kadrlar şöbəsi tərəfindən aparılır. Sənədlərin tamlığı, onların namizədin ərizəsində əks olunan məlumatlara uyğunluğu müəyyən edildikdən sonra ərizələrin qəbulu ?urnalında qeydiyyata alınır. Namizədin ədliyyə orqanlarında işləməsinin mümkün olub-olmaması qanunvericiliklə müəyyən edilmiş qaydada qabaqcadan yoxlanılır və onun müsabiqəyə (imtahan və söhbətə) buraxılmasının mümkünlüyü barədə rəy hazırlanır. Namizədlər müsabiqəyə həmin rəy nəzərə alınmaqla buraxılırlar.
3.4. Natamam və ya bu qaydalara uyğun olmayan sənədlər qəbul edilmir və ərizəçiyə aşkar olunmuş çatışmazlıqlar izah olunur. ?atışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər ərizələrin qəbulu üçün müəyyən edilmiş müddət çərçivəsində yenidən təqdim oluna bilər.
3.5. İmtahana buraxılmış namizədin sənədləri ümumi siyahıya salınır və hər bir namizədə müsabiqə və onun keçirilməsi ilə bağlı zəruri məlumatları özündə əks etdirən "yaddaş kitabçası" verilir.
3.6. Qeydiyyata alınmış hər bir namizədə eyniləşdirmə kodu verilir. Şəxsi eyniləşdirmə kodu rəqəmlə ifadə olunur və anonimliyin qorunmasına xidmət edir.
3.7. İmtahana 2 gün qalmış hər bir namizədə onun fotoşəkli olan "İmtahana buraxılış vərəqəsi" verilir. "İmtahana buraxılış vərəqəsi"ndə şəxsi eyniləşdirmə kodu, imtahan keçirilən ünvan, gün, saat, auditoriya, auditoriyada sıra və yer nömrəsi müəyyən edilir. İmtahanda yalnız şəxsi eyniləşdirmə kodundan istifadə olunur. "İmtahana buraxılış vərəqəsi"ndə namizədin adı və şəxsiyyətini müəyyən edən digər məlumatların yazılmasına yol verilmir. Bu qaydanı pozmuş namizəd müsabiqədən kənarlaşdırılır.
3.8. Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq imtahana gətirməlidirlər. Göstərilən sənədlərin biri olmadıqda namizəd imtahana buraxılmır. "İmtahana buraxılış vərəqəsi"ni itirmiş və ya onda düzəliş etmiş şəxs imtahana buraxılmır və həmin şəxsə yeni "İmtahana buraxılış vərəqəsi" verilmir.
3.9. Namizəd bu qaydaları pozduqda (saxta sənədlər təqdim etmə, köçürmə, imtahana rabitə vasitəsi gətirmə, imtahana öz yerinə başqasını göndərmə, imtahan qaydalarına zidd hərəkətlərə və digər saxtakarlıqlara yol vermə) imtahanın rəhbəri və nəzarətçi bu barədə akt tərtib edir və namizəd imtahandan kənarlaşdırılır (qadağan edilən hərəkətlər namizədə kömək məqsədi ilə tərtib edilmiş yaddaş kitabçasında göstərilir). Onun imtahan nəticələri Komissiya tərəfindən ləğv edilir. 

4. İmtahanın keçirilməsi qaydası 
4.1. Test imtahanını Müsabiqə Komissiyası Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra TQDK) ilə birlikdə "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları"na müvafiq olaraq həyata keçirir.
4.2. İmtahan 100 sualdan ibarətdir və 3 (üç) saat müddətində fasilə verilmədən keçirilir.
4.3. İmtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunlara və digər sənədlərə dair məlumat internet və digər vasitələrlə namizədlərə çatdırılır.
4.4. İmtahan suallarını və onların cavablarını Komissiya hazırlayır və bu işə mütəxəssislər cəlb edə bilər. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə edilə biləcək sualların sayından ən azı beş dəfə çox olmalıdır.
4.5. Suallar imtahana ən azı 10 gün qalmış hazırlanır, Komissiyanın qapalı iclasında baxılıb təsdiq edilir və zərfə qoyulub möhürlənməklə xüsusi yerdə saxlanılır. Komissiya həmçinin imtahan suallarına düzgün cavabların siyahısını hazırlayır və onun konfidensiallığını təmin edir.
4.6. İmtahana 2 gün qalmış konfidensiallıq təmin edilməklə və yaxud texniki imkanlar yol verdikdə namizədlərin iştirakı ilə imtahan günü suallar toplusundan 80 imtahan sualı seçilir. Bu suallar hüququn müxtəlif sahələrini və ədliyyə fəaliyyətini əhatə edir. Test imtahanına namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən etmək üçün mövcud suallar toplusundan əlavə 20 sual seçilir.
4.7. Bu suallar namizədlərin sayına görə sual kitabçası şəklində çoxaldılır, ayrıca zərflərə qoyulur və üzərində qeydlər edilir, möhürlənir və xüsusi yerdə saxlanılır.
4.8. İmtahana bir saat qalmış zərflər namizədlərə verilmək üçün imtahan rəhbərinə verilir.
4.9. İmtahanın müəyyən edilmiş qaydalarda keçirilməsini təmin etmək məqsədi ilə Komissiya və TQDK tərəfindən imtahan rəhbəri və nəzarətçiləri təyin olunurlar. İmtahan nəzarətçilərinin sayı hər auditoriya üzrə iki nəfərdən az olmamalıdır. Eyni zamanda, Komissiya və TQDK tərəfindən beynəlxalq, hökümət və qeyri-hökümət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri imtahanı müşahidə etməyə dəvət edilə bilər.
4.10. Namizədlər imtahanın başlanmasına azı bir saat qalmış imtahan verəcəkləri binanın qarşısına gəlməlidirlər (ünvan "imtahana buraxılış vərəqəsi"ndə göstərilir).
4.11. İmtahana gəlmiş namizəd binanın giriş hissəsində "imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mühafizə işçisinə təqdim edib binaya daxil olmalı və "imtahan buraxılış vərəqəsi"ndə göstərilən auditoriyada öz yerini tutmalıdır.
4.12. Hər bir stol arxasında bir namizəd əyləşə bilər. Namizədlər auditoriyalarda öz yerlərini tutduqdan sonra imtahanın başlanmasına 15 dəqiqə qalmış imtahan rəhbəri, nəzarətçi və müşahidəçi ilə birlikdə cavab kartı zərfinin möhürünü açır, cavab kartını namizədlərə paylayır və onları doldurmaq qaydalarını izah edir. Sonra isə sual kitabçası paylanır. Sual kitabçasının bir neçə variantı olduqda kitabça namizədlərə növbəlilik qaydasında müxtəlif variantlarda paylanır.
Hər auditoriyada imtahanın başlanma vaxtı sual kitabçası paylanıb qurtardığı andan hesablanır.
4.13. Cavab kartında düzgün cavabın yerləşdiyi hərfli dairə qara və ya tünd göy rəngdə yazan diyircəkli qələmlə doldurulmalıdır. Korlanmış cavab kartı dəyişdirilmir. Bir suala aid olan bir neçə dairə qaralanarsa, həmin cavab etibarsız sayılır və ümumi nəticəyə hesablanmır. Suallara verilən səhv cavabların düzgün cavablara mənfi təsiri yoxdur. Cavab kartı onu doldurmuş şəxs tərəfindən imzalanmalıdır.
4.14. İmtahan qurtardıqdan sonra namizəd cavab kartını imtahan nəzarətçilərinə təhvil verməli və auditoriyanı tərk etməlidir.
4.15. İmtahanın başa çatması barədə protokol tərtib edilir. Həmin protokol nəzarətçilər və iki nəfər namizəd tərəfindən imzalanır. Protokol və cavab kartları zərfə qoyulur, möhürlənir, imtahanların rəhbərinə təqdim edilir və o, möhürlənmiş zərfi TQDK-ya verir. 

5. Cavab kartlarının yoxlanılması və balların hesablanması 
5.1. Cavab kartlarını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyasının iştirakı ilə yoxlayır.
5.2. Cavab kartlarının yoxlanılması və balların hesablanması müvafiq mütəxəssislər cəlb edilməklə avtomatlaşdırılma re?imində Elektron Hesablama Maşını vasitəsilə həyata keçirilir. Möhürlənmiş cavab kartları ilə yanaşı, imtahan suallarına düzgün cavabların siyahısı cəlb edilmiş mütəxəssislərə təqdim edilir.
5.3. İmtahanda qanunvericilik sahəsinə aid olan hər bir sualın düzgün cavabı 1 balla qiymətləndirilir (cəmi 80 mümkün bal).
5.4. İmtahanda namizədin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini və dünyagörüşünü müəyyən edən 20 sualın hər birinin düzgün cavabı 0,5 balla qiymətləndirilir (cəmi 10 mümkün bal).
Suala düzgün olmayan cavab və ya sualın cavabsız saxlanması "0" bala bərabərdir.
5.5. Cavab kartlarının yoxlanılması qurtardıqdan sonra imtahanın nəticələri Komissiyanın sədrinə təqdim edilir. Nəticələr namizədlərə elan olunur.
5.6. Test imtahanında mümkün olan baldan 55 və daha artıq toplamış namizədlər söhbətə buraxılırlar.
5.7. İmtahanın nəticələrindən narazı qalan namizəd bu barədə nəticənin ona elan olunduğu vaxtdan 5 gün müddətində Komissiyaya müraciət edə bilər. Komissiya TQDK ilə birlikdə şikayətçinin cavab kartını və arayışı ərizəçinin iştirakı ilə araşdırır və ona müvafiq izah verir.
5.8. Cavab kartı düzgün qiymətləndirilmədikdə şikayətçiyə əsaslandırılmış məlumat verilir. Araşdırma nəticəsində namizədin keçid bal topladığı müəyyən edilərsə, Komissiya onun söhbətə buraxılması məsələsini həll edir.
5.9. Komissiya imtahanın keçirildiyi gündən iki il müddətində cavab kartlarının saxlanılmasını təmin edir. 

6. Söhbətin keçirilməsi 
6.1. Namizədlərin ədliyyə orqanlarında işləmək üçün zəruri keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə test imtahanından keçid balı toplamış şəxslərlə Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası tərəfindən söhbət keçirilir.
6.2. Söhbət zamanı namizədə onun Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və digər normativ hüquqi aktlarını vəzifə borclarının icrası ilə əlaqədar tətbiq etmək sahəsində biliyinin və bacarığının müəyyən edilməsi üçün müvafiq suallar verilir.
6.3. Söhbətin nəticəsi üzrə ən çox 25 bal toplamaq mümkündür.
6.4. Söhbətin keçirildiyi yer və vaxt barədə namizədlərə Komissiya tərəfindən əvvəlcədən məlumat verilir. Söhbətə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsi gətirməlidirlər.
6.5. Söhbət başlanarkən Komissiyanın rəhbəri namizədlərin siyahısını elan edir və söhbət aparan şəxslərdən etirazları olub-olmamasını soruşur. Namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olan söhbət aparan şəxs həmin namizədlə söhbətdə iştirak etmir. Əsaslar olduqda namizəd söhbət başlanmazdan əvvəl söhbət aparanlardan hər hansı birinə etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini Komissiyanın sədri müəyyən edir.
6.6. Namizədlərlə söhbət fərdi qaydada və 30 dəqiqəyədək aparılır. Söhbət zamanı hər namizədə 5 sual verilir.
6.7. Komissiya üzvləri arasında söhbətlə bağlı fikir mübadiləsi keçirilə bilər. Suallar və cavablar Komissiyanın üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək Komissiyanın sədrinə təqdim edilir.
6.8. Söhbət zamanı namizədin verdiyi hər cavab Komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra Komissiya üzvlərinin verdiyi qiymətlər toplanaraq söhbətdə iştirak edən Komissiya üzvlərinin sayına bölünür.
6.9. Söhbətin nəticələri üzrə namizəd mümkün balın 60%-ni topladıqda söhbətdən müvəffəqiyyətlə keçmiş hesab olunur.
6.10. Hər namizədə onun tələbi ilə topladığı ballara dair arayış verilir. 

7. Müsabiqənin yekunlaşdırılması 
7.1. Namizədlər topladıqları ballara uyğun sıralanırlar.
7.2. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən elmi dərəcəsi olanlara, daha təcrübəlilərə, habelə xarici dilləri mükəmməl bilənlərə, kompüter biliklərinə malik olanlara və fikrini yazılı surətdə səlist ifadə etmək bacarığı nümayiş etdirənlərə üstünlük verilir.
7.3. Komissiya müsabiqənin nəticələri üzrə namizədin ədliyyə orqanlarına işə qəbul olunması və ya olunmamasının tövsiyə edilməsi barədə iki qərardan birini qəbul edir.
7.4. Müsabiqə ümumilikdə başa çatdıqdan sonra 5 gündən gec olmayaraq nəticələri elan olunur.
7.5. Komissiyanın qərarlarından razı olmayan namizədlər Azərbaycan Respublikasının ədliyyə nazirinə şikayət edə bilərlər. Şikayətə baxılmasının nəticəsi barədə namizədə yazılı cavab verilir. Şikayətə baxılmanın nəticələrindən razı olmayan namizəd məhkəməyə müraciət edə bilər.
7.6. Müsabiqənin nəticələrinə görə ədliyyə orqanlarına işə qəbul olunmağa tövsiyə edilmiş namizədlər Azərbaycan Respublikasının ədliyyə nazirinə təqdim edilir. Ədliyyə naziri ona təqdim olunmuş namizədlər sırasından müvafiq vakant vəzifələrə müəyyən olunmuş qaydada təyinat aparır.
7.7. Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərin sayı ədliyyə orqanlarında boş olan ştat vahidlərinin sayından artıq olarsa işə qəbul edilməsi barədə əmr verilməyən namizədlər 1 il müddətində Ədliyyə Nazirliyinin ehtiyat kadr siyahısına daxil edilməklə müvafiq vakant ştat vahidi yarandıqda (bu Qaydaların 1.6-cı bəndinin tələbləri nəzərə alınmaqla) istifadə oluna bilərlər.
7.8. Müəyyən olunmuş 1 il bitdikdən sonra və ya təklif edilən iki münasib işdən imtina edənlər (eyni iş təkrarən təklif oluna bilməz) ehtiyat kadr siyahılarından çıxarılırlar.
7.9. Ehtiyat kadr siyahısına daxil edilmiş şəxslər arzularına əsasən Nazirliyin müstəqil tabe qurumlarında istifadə oluna bilər.

Keçidlər