X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ədliyyə naziri, senator Roberto Kastellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Prezident sarayında İtaliyanın ədliyyə naziri, senator Roberto Kastellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. O, keçən il İtaliyaya etdiyi rəsmi səfəri məmnunluqla xatırlayaraq, səfər zamanı ikitərəfli əlaqələrimizin müxtəlif sahələri üzrə əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğunu qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında müxtəlif səviyyələrdə intensiv dialoqun aparıldığını vurğuladı və nazirin bu səfərinin ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Roberto Kastelli İtaliya ilə Azərbaycan arasındakı münasibətləri çox yüksək qiymətləndirdi və əlaqələrimizin daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirdi. O, Prezident İlham Əliyevin keçən il İtaliyaya rəsmi səfərinin uğurla keçdiyini vurğuladı və bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd etdi.

Sonra Roberto Kastelli İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoninin məktubunu dövlətimizin başçısına təqdim etdi. Məktubda Silvio Berluskoni Prezident İlham Əliyevin 2005-ci ilin fevralında İtaliyaya səfəri zamanı onunla Romada keçirdiyi görüşü daim xatırladığını qeyd etmiş və bu səfərin ölkələrimiz arasındakı əlaqələrin inkişafına böyük təkan verdiyini vurğulamışdır. O, Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəmərinin açılışının Azərbaycanın həm siyasi, həm də iqtisadi həyatında, xüsusilə italyan şirkətlərinin də iştirak etdiyi energetika sahəsində müsbət inkişafının daha bir təsdiqi olduğunu bildirmişdir.

Silvio Berluskoni Azərbaycanın Avropaya tam inteqrasiyası yolunda demokratik, iqtisadi və sosial inkişafı baxımından daha yüksək nailiyyətlər əldə etməsi barədə özünün və bütün İtaliya xalqının arzularını ölkəmizin başçısına çatdırmış, İtaliyanın bu məsələdə Azərbaycana hər cür yardım göstərməyə daim hazır olduğunu bildirmişdir.

İtaliya Nazirlər Şurasının sədri İtaliya biznesinin Azərbaycanın gələcəyinə böyük ümidlər bəslədiyini qeyd etmiş və çoxsaylı italyan şirkətlərinin ölkəmizə investisiya qoymaq marağında olduğunu vurğulamışdır.

Keçidlər