X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası sahəsində işin vəziyyəti müzakirə olunmuşdur

Ədliyyə Nazirliyində məhkəmə qərarlarının icrası sahəsində 2007-ci ildə görülmüş işlərin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir. Giriş sözü ilə tədbiri açan ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə baş verən sürətli sosial-iqtisadi dəyişikliklər və dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi prosesi ədliyyə fəaliyyətinin daha da təkmilləşdirilməsinə və inkişafına müsbət təsir göstərmişdir.

Ölkə başçısının ədliyyə sistemi üçün mühüm əhəmiyyət kəsb edən Ədliyyə orqanlarının inkişafı haqqında 16 avqust 2006-cı il tarixli Fərmanı ədliyyə sahəsində dövlət idarəçilik mexanizminin müasirləşdirilməsinə, fəaliyyətin aşkarlıq və şəffaflıq prinsipləri əsasında qurulmasına, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılmasına, eyni zamanda ədliyyə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük təkan vermişdir. Fərmanın icrasının təşkili məsələləri ilə bağlı Ədliyyə Nazirliyinin Kollegiyası qərar qəbul etmiş və ötən müddətdə ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər mütəmadi olaraq təhlil olunmuşdur.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə qərarlarının icrası işinin düzgün təşkilinin əhəmiyyəti nəzərə alınaraq, nazirliyin rəhbərliyi tərəfindən bu sahəyə daim diqqətlə yanaşılır, bu xidmətin işinin daha da yaxşılaşdırılması üçün təsirli tədbirlər həyata keçirilir.

Məlum olmuşdur ki, 2007-ci ildə nazirliyin yerli məhkəmə icraçıları qurumlarının icraatında olmuş məhkəmələrin və digər aidiyyəti orqanların 100 mindən çox icra sənədi üzrə qanunvericiliklə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi təmin edilmiş, fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində görülən işlərin nəticəsi olaraq vətəndaşlardan daxil olan şikayətlərin sayı 2006-cı illə müqayisədə 10,0 %, nazirliyə qəbula gələn şikayətçilərin sayı isə 2,4 dəfə azalmışdır. Qeyd edilmişdir ki, məhkəmə qərarlarının icrası ilə bağlı məhkəmə icraçılarının qanuni tələblərini yerinə yetirməyən 536 şəxs inzibati məsuliyyətə cəlb edilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmədiyinə görə məhkəmə icraçılarının təqdimatlarına əsasən 196 şəxs barəsində məhkəmələr tərəfindən cinayət işinin başlanılması haqqında xüsusi qərardad çıxarılmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında Milli Məclisin 2007-ci il 8 may tarixli qərarı mütəşəkkil qaydada və qısa müddətdə icra edilərək, yerli məhkəmə icraçıları qurumlarının qeydiyyatında olan 6912 şəxsin cəzadan azad olunması, həmçinin Azərbaycan Respublikası Prezidentinin əfv fərmanlarının dərhal icrası təmin olunmuşdur.

Məlumat verilmişdir ki, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi ehtiyacının öyrənilməsi üçün xüsusi işçi qrup yaradılmışdır.

Müşavirədə Nazirliyin Məhkəmə İcraçıları Baş İdarəsinin və bəzi yerli qurum rəhbərlərinin hesabatı dinlənilmiş, xidmətin kadrlarla komplektləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırırlması ilə bağlı həyata keçirilən tədbirlərin müsbət dəyişikliklərə gətirib çıxarması vurğulanmış, həmçinin işin səmərliliyinin artırılması üçün konkret tapşırıqlar verilmiş, onlardan ədliyyə orqanları işçilərinin etik davranış qaydalarına dönmədən əməl olunması tələb edilmişdir.

Həmin gün xidmətin əməkdaşlarının xüsusi geyim formasına baxış keçirilmiş, ədliyyə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi barədə dövlət başçısının tapşırıqlarının icrası istiqamətində görülən işlərin davamı kimi bəzi yerli qurumlara xidməti istifadə üçün Renault Clıo Sumbol (Reno) markalı avtomobillər təqdim olunmuşdur.

Keçidlər