X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıq genişlənir

Ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Terrorçuluqla Mübarizə üzrə Əlaqələndiricisinin birinci müavini Frenk Urbançik fevralın 14-də Ədliyyə Nazirliyində olmuşdur.

Antiterror koalisiyasının fəal üzvü olan ölkəmizin terrorçuluqla mübarizəyə dair əsas beynəlxalq konvensiyalara qoşulması, milli qanunvericiliyimizin təkmilləşdirilməsi və bu istiqamətdə görülən əməli işlər barədə danışan nazir müavini Vilayət Zahirov erməni hərbi təcavüzünə və terroruna məruz qalan Azərbaycan üçün bu ümumbəşəri bəlaya qarşı mübarizənin xüsusi əhəmiyyət kəsb etdiyini, bu sahədə beynəlxalq təşkilatlarla, o cümlədən BMT, ATƏT və Avropa Şurası ilə səmərəli əməkdaşlığı vurğulamışdır.

Bütövlükdə bəşəriyyəti narahat edən bu təhlükəyə qarşı həyata keçirilən tədbirlərdə ABŞ-ın ciddi dəstəyinin olduğunu diqqətə çatdıran nazir müavini GUAM təşkilatı çərçivəsində də terrorizmə və separatçılığa qarşı mübarizədən danışmışdır.

Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş olduğunu bildirən qonaq terrorizmlə mübarizə sahəsində ölkəmizdə görülən işləri müsbət qiymətləndirərək bu sahədə birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd etmişdir.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.

Tədbirdən sonra qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər