X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan korrupsiya ilə dünya miqyaslı mübarizənin fəal iştirakçısıdır

Ölkəmiz korrupsiya ilə mübarizəyə mühüm əhəmiyyət verərək yeni yaradılan Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri olmuşdur. Assosiasiyanın ötən il Pekində keçirilmiş 1-ci İllik Konfransı və Ümumi Yığıncağında təşkilatın rəhbər orqanı - İcraiyyə Komitəsi formalaşmış və Azərbaycanın nümayəndəsi Assosiasiyanın vitse-prezidenti seçilmişdir.

Nüfuzu getdikcə artan və 140 ölkəni əhatə edən Assosiasiyanın bu günlərdə İndoneziyada 2-ci İllik Konfransı və Ümumi Yığıncağı, habelə İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Tədbirlərdə ölkəmizi ədliyyə naziri, təşkilatın vitse-prezidenti Fikrət Məmmədovun başçılıq etdiyi ədliyyə və prokurorluq orqanlarının rəhbər işçilərindən ibarət nümayəndə heyəti təmsil etmişdir.

Konfransda dünyanın 90 dövlətinin və 11 beynəlxalq təşkilatın 500-ə yaxın nümayəndəsinin, o cümlədən antikorrupsiya qurumlarının, ədliyyə, prokurorluq, məhkəmə və digər orqanların rəhbər şəxsləri iştirak etmişlər.

Korrupsiya ilə mübarizədə təsirli qabaqlayıcı tədbirlər mövzusuna həsr olunan bu mötəbər forumu İndoneziyanın Prezidenti Susilo Bambanq Yudhoyono video-müraciət vasitəsilə açıq elan etmişdir. Tədbirdə məhkəmələrin müstəqilliyinin gücləndirilməsi və hakimlərin mənəvi saflığı, beynəlxalq əməkdaşlıq, KİV və ictimaiyyətlə əlaqələr və digər aktual məsələlər müzakirə edilmişdir.

Konfransda ilk məruzə ilə ölkəmizin ədliyyə naziri çıxış etmişdir. Çıxışda ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər, mütərəqqi islahatlar və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilmiş, o cümlədən məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən genişmiqyaslı işlər qeyd edilmişdir. Bununla yanaşı, tədbir iştirakçılarının diqqəti Ermənistan tərəfindən torpaqlarımızın 20%-nin işğalı nəticəsində bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilmişdir.

Böyük maraqla qarşılanmış ingilis dilində çıxışın digər dillərdə mətni iştirakçılar arasında yayılmış və Assosiasiyanın internet saytında verilmişdir.

Plenar sessiyalarla yanaşı, tədbir işçi qruplarda davam etdirilmiş, qarşılıqlı əməkdaşlıq məsələləri və müsbət təcrübələrlə bağlı geniş və səmərəli fikir mübadiləsi aparılmış, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi K.Əliyev tərəfindən korrupsiyanın qarşısının alınmasında antikorrupsiya orqanlarının rolu mövzusunda çıxış edilmişdir. Həmçinin, Konfransın yekun sənədinin hazırlanmasında iştirak edilmiş və ölkəmizin təklifləri nəzərə alınmaqla müvafiq Bəyannamə qəbul olunmuşdur.

Ümumi Yığıncaqda bir sıra təşkilati məsələlərə baxılmış, o cümlədən Assosiasiyanın Konstitusiyasına düzəlişlərin edilməsi müzakirə edilmişdir. Bu məsələnin əhəmiyyəti, habelə Azərbaycan tərəfinin təklifləri nəzərə alınaraq, məruzə ilə çıxış edilməsi Assosiasiyanın vitse-prezidenti F.Məmmədova həvalə olunmuşdur.

Eyni zamanda, Azərbaycanın Assosiasiyanın işində fəal iştirakı və verdiyi töhfələr yüksək qiymətləndirilərək, İcraiyyə Komitəsinin növbəti iclasının 2008-ci ilin mart ayının sonunda Bakıda keçirilməsi barədə qərar qəbul olunmuşdur. İclasda F.Məmmədov aidiyyəti məsələlər üzrə çıxışlar etmiş, növbəti tədbirin Bakıda keçirilməsini nəzərə alaraq ölkəmiz haqqında məlumatları əks etdirən multimedia diskləri iştirakçılar arasında yayılmışdır.

Belə bir mühüm tədbirin məhz Azərbaycanda təşkil edilməsi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətinin nəticəsi olmaqla, ölkəmizin beynəlxalq nüfuzunun artmasını və müsbət imicinin möhkəmlənməsini bir daha təsbiq edir.

Konfrans çərçivəsində Azərbaycan ədliyyə naziri İcraiyyə Komitəsinə yeni üzv seçilmiş İndoneziyanın Baş prokuroru Hendarman Supadji ilə görüşmüş, hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi üzrə faydalı fikir mübadiləsi aparılmış, və baş prokuror Azərbaycana dəvət edilmişdir.

Səfər zamanı həmçinin bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə işgüzar görüşlər keçirilmiş, əməkdaşlığa dair danışıqlar və təcrübə mübadiləsi aparılmışdır.



 


Azərbaycan nümayəndə heyəti

Keçidlər