X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə işçiləri peşə bayramını qeyd etmişlər

Noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günü ölkəmizdə geniş şəkildə qeyd edilir. Həmin gün ədliyyə işçiləri Fəxri Xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin abidəsini ziyarət edərək, ulu öndərimizə əbədi ehtiramlarını bildirmiş, həmçinin akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstəsi qoymuş, Şəhidlər Xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş övladlarımızın əziz xatirələrini yad etmişlər. Sonra ədliyyə işçiləri əbədiyaşar liderimizin Ədliyyə Nazirliyinin binasındakı büstünün önünə əklil qoymuşlar.

Nazir müavini, II dərəcəli Dövlət ədliyyə müşaviri Toğrul Musayev peşə bayramı münasibətilə keçirilmiş təntənəli yığıncağı açaraq, ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən ədliyyə orqanlarının müasirləşdirilməsi və inkişafına dair qəbul olunmuş qərarların icrası üzrə görülmüş işləri qeyd etmiş, bayram ərəfəsində ədliyyənin inkişafına göstərilən diqqət və qayğıya, habelə ədliyyə işçilərinin maddi-sosial təminatının yaxşılaşdırılmasına görə Nazirliyin bütün əməkdaşları adından dövlət başçısına dərin minnətdarlığını bildirmişdir.

Ədliyyə Nazirliyinin dövlətin hüquq siyasətini həyata keçirən orqanlardan birinə çevrildiyini vurğulayan nazir müavini, insan hüquqlarının etibarlı müdafiəsində ədliyyənin rolunu, nazirliyin fəaliyyətinə ictimai nəzarətin səmərəliliyinin artmasını, ədliyyənin fəaliyyətinə dair zəruri şəraitin yaradılması üçün əməli işlər görüldüyünü qeyd etmiş, əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması, regional ədliyyə şöbələrinin yaradılması, peşəkar kadr korpusunun təkmilləşdirilməsi, Ədliyyə Akademiyasının formalaşdırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Nazir müavini ədliyyə fəaliyyətinin bütün istiqamətləri üzrə işlərin təkmilləşdirilməsi prosesinin bu gün də davam etdirildiyini və mövcud problemlərin həlli üzrə zəruri işlər görüldüyünü bildirmişdir.

Tədbirdə ölkəmizin dövlət orqanlarından, habelə diplomatik nümayəndəliklərdən, yerli və beynəlxalq təşkilatlardan peşə bayramı münasibətilə göndərilmiş təbrik məktubları səsləndirilmişdir.

Bayram tədbirində fəaliyyətində fərqlənmiş böyük bir qrup ədliyyə işçilərinə xüsusi rütbələr, qiymətli hədiyyələr, fəxri fərmanlar və digər mükafatlar təntənəli şəkildə təqdim olunmuşdur.

Tədbirdə çıxış edən ədliyyə işçiləri, gənc mütəxəssislər öz fəaliyyətlərini ölkə Prezidentinin yüksək tələbləri səviyyəsində quraraq, ölkəmizin hərtərəfli tərəqqisində dövlət başçısına yardımçı olmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.

 

 

 

 

Keçidlər