X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

İctimai Komitənin iclası keçirilmişdir

Azərbaycanda penitensiar xidmətin işinin müasir tələblər səviyyəsində qurulması, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi üzrə Ədliyyə Nazirliyi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə ictimai təşkilatlarla sıx əlaqələr qurulmuş, monitorinqlər və məhkumlarla çoxsaylı görüşlər keçirilmişdir. Bu işin mütəşəkkil aparılması məqsədilə 2006-cı ildə İctimai Komitə yaradılmışdır.

Bir illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar İctimai Komitəni formalaşdıran Seçki Komissiyasının bu günlərdə keçirilmiş iclasında qurumun fəaliyyəti qiymətləndirilmiş və tərkibi yenidən formalaşdırılmışdır. Noyabrın 5-də yeni tərkibdə Komitənin iclası keçirilmiş, onun işinin təşkili ilə bağlı məsələlər müzakirə olunmuş, hüquq müdafiəçisi Sahib Məmmədov qurumun koordinatoru seçilmişdir.

İclasa qatılan ədliyyə naziri Fikrət Məmmədov penitensiar sahədə aparılan köklü islahatlardan danışmış, məhkumların hüquqlarının təmin edilməsi, saxlanma şəraitinin, ərzaq və digər təminatlarının, onlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması üzrə görülən əsaslı tədbirlər barədə məlumat vermişdir. O, ictimai nəzarətin həyata keçirilməsində və məhkumların islah olunmasında Komitənin üzərinə düşən mühüm vəzifələri diqqətə çatdırmış, bu sahədə şəffaflığın təmin olunmasında İctimai Komitənin rolunu vurğulamışdır.

İclasda Komitə üzvləri çıxış edərək, penitensiar sistemdə aparılan islahatların müsbət nəticələr verdiyini qeyd etmiş, qurum tərəfindən həyata keçirilmiş monitorinqlər və məhkumların islah olunması üzrə görülmüş işlər barədə məlumat vermişlər. Bildirilmişdir ki, 19 cəzaçəkmə müəssisəsinə 75 başçəkmə həyata keçirilmiş, məhkumların şəraiti və problemləri ilə maraqlanılmış, onların asudə vaxtının mənalı keçirilməsi, hüquqi biliklərinin artırılması, cəmiyyətə inteqrasiyasının təmin edilməsi üzrə və digər tədbirlər görülmüşdür.

Komitə üzvlərini təbrik edən nazir onlara uğurlu fəaliyyət arzulamış, cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim etmişdir.

Noyabrın 6-da İctimai Komitənin üzvləri KİV nümayəndələri ilə birgə Qobustan qapalı həbsxanasına baş çəkmişlər.
 

Keçidlər