X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa ədliyyə nazirlərinin növbəti konfransı keçirilmişdir

Bu günlərdə Lanzarotedə (İspaniya) Avropa Şurası tərəfindən İspaniya hökuməti ilə birgə Avropa ədliyyə nazirlərinin növbəti 28-ci Konfransı keçirilmişdir. Tədbirdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədov təmsil etmişdir.

Konfransda Avropa Şurası Baş Katibinin müavini xanım Mod de Bur-Bukikkio giriş sözü ilə çıxış etmiş, həssas qrupların, xüsusilə miqrantların və uşaqların ədalət mühakiməsi hüququnun təmin edilməsi məsələləri müzakirə olunmuş, Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsinə dair Avropa Konvensiyası imzalanmaq üçün açıq elan edilmişdir.

Konfransın ilk plenar sessiyasında Azərbaycan Respublikasında uşaqların ədalət mühakiməsi hüququnun təmin edilməsi mövzusunda çıxış edən Fikrət Məmmədov ölkəmizdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi və ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən genişmiqyaslı işlər və yuvenal ədliyyənin inkişafına yönəlmiş tədbirlər barədə məlumat vermişdir. Mötəbər tədbirin iştirakçılarının diqqəti Ermənistan tərəfindən torpaqlarımızın 20%-nin işğalı nəticəsində bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə, xüsusilə doğma ocaqlarından didərgin salınmış 300 min uşağın hüquqlarının pozulmasına cəlb edilmişdir.

Böyük maraqla qarşılanmış ingilis dilində çıxışın digər dillərdə mətni iştirakçılar arasında yayılmış və Avropa Şurasının rəsmi saytında yerləşdirilmişdir.

Konfrans çərçivəsində Azərbaycanın ədliyyə naziri ilə İspaniya Krallığının ədliyyə naziri Mariano Fernandez Bermexonun görüşü olmuş, hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Səfər zamanı həmçinin, Avropa Şurasının yüksək səviyyəli rəsmi şəxsləri və bir çox ölkələrin ədliyyə nazirləri ilə işgüzar görüşlər keçirilmiş, əməkdaşlığa dair danışıqlar və təcrübə mübadiləsi aparılmış, Azərbaycanda həyata keçirilən islahatların böyük maraq doğurduğu vurğulanmışdır.

 

 

 

 

Keçidlər