X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Avropa Şurası ilə hüquqi sahədə sıx əməkdaşlıq edir

Azərbaycan Respublikasında ardıcıl həyata keçirilən demokratik hüquqi islahatlar qanunun aliliyinin, insan hüquqlarının etibarlı təmin olunması, məhkəmə sisteminin təkmilləşdirilməsi, bu mühüm sahələrdə idarəetmə üsullarının ən müasir standartlar səviyyəsində qurulması istiqamətində yeni yanaşmaların formalaşmasına təkan vermiş, nüfuzlu beynəlxalq təşkilatlarla konstruktiv dialoqun və əməkdaşlığın labüdlüyünü şərtləndirmişdir.

Avropa Şurası dövlət və hökumət başçılarının 16-17 may 2005-ci ildə Varşavada keçirilmiş Üçüncü Sammitinin qəbul etdiyi Tədbirlər Planında Hüquqşünasların insan hüquqlarına dair tədrisi üzrə Avropa Proqramına (HELP) yüksək əhəmiyyət verilmişdir. HELP proqramının məqsədi Avropa İnsan hüquqları haqqında Konvensiya standartlarının Avropa Məhkəməsi presedentlərində şərh olunduğu kimi, bütün üzv dövlətlərdə hakimlərin və prokurorların peşəkar tədrisi üzrə milli standartlar daxilində müvafiq tədris planlarına inteqrasiyasından ibarətdir.

Qeyd olunmalıdır ki, Proqramın işinin bir hissəsi də Avropada hakimlərin və prokurorların tədrisi üzrə məsul təşkilatlar və şəxslər arasında məlumat mübadiləsi sistemi qismində formalaşdırılmış Avropa (Lissabon) Şəbəkəsi ilə birgə əlaqələndirilir.

Demokratik institutlarını hüquqi dövlət prinsipləri əsasında quran Azərbaycan Respublikası ədalət mühakiməsinin müstəqilliyinin və səmərəliliyinin daha da gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində qeyd olunan təsisatlarla sıx əməkdaşlıq edir.

Ölkəmizi həmin qurumlarda təmsil edən respublika ədliyyə nazirinin müavini Toğrul Musayevin iştirakı ilə dünyanın 43 ölkəsindən 50-dən çox nümayəndənin qatıldığı HELP Proqramının 2-ci illik yığıncağı, habelə Lissabon Şəbəkəsinin 9-cu plenar iclası bu il oktyabrın 9-11-də Strasburqda keçirilmişdir.

Hüquqşünasların insan hüquqları üzrə tədrisinə dair yığıncaqda Avropa Şurasının yüksək vəzifəli şəxsləri çıxış etmiş, işçi qrupları tərəfindən hazırlanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya üzrə standart tədris planı və materiallara, treninq metodologiyası üzrə vəsaitlərə dair fikir mübadiləsi aparılmış, həmçinin HELP Proqramının yeni internet səhifəsinin (www.coe.int/help) təqdimat mərasimi keçirilmişdir.

Avropa Şəbəkəsinin plenar iclasının açılış mərasimində Şəbəkə Bürosunun sədri Yorma Hirvonen və bu təsisatın Katibliyinin rəhbəri Jan Klaus Avropa Şurasına üzv dövlətlərində hakimlərin və prokurorların tədrisi üzrə əldə olunmuş nailiyyətlər, bu sahədə 2007-ci il ərzində keçirilmiş tədbirlər barədə məlumat vermişlər.

İclas çərçivəsində hakimlərin tədrisi və bu sahədə əməkdaşlığa dair dəyirmi masa, həmçinin Avropa Şurasının sənədləri və onların tətbiqi məsələləri üzrə hakimlərin tədris olunması mövzusunda sessiya keçirilmişdir.

Tədbirin sonunda Lissabon Şəbəkəsinin Hakimlərin media və ədalət mühakiməsi sahəsi üzrə tədrisi mövzusunda növbəti 10-cu plenar iclasının 2008-ci ilin 8-9 oktyabr tarixlərində keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Həmin tədbirlər zamanı Azərbaycan ədliyyə nazirinin müavini Toğrul Musayev Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş Direktorluğunun əməkdaşlıq üzrə direktoru Roberto Lamponi, Avropa Şəbəkəsi Katibliyinin rəhbəri Jan Klaus və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hollandiyadan olan hakimi Eqbert Meyerlə görüşlər keçirmiş, ölkəmizdə Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və tədrisi sahəsində görülmüş işlər barədə ətraflı məlumat vermiş, avropalı mütəxəssislər Azərbaycanda aparılan islahatlardan məmnun qaldıqlarını və gələcəkdə də bu istiqamətdə hər cür yardımın göstərilməsinə hazır olduqlarını bildirmişlər.

Keçidlər