X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Hakimliyə namizədlərlə ilkin tədris kursları başlanmışdır

Ölkəmizdə hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş test üsulu ilə, habelə yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 102 nəfər namizəd növbəti mərhələyə uzunmüddətli tədris kurslarına buraxılmışlar. Kursun tədris proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış, proqrama insan hüquqlarının qorunması, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair mövzular daxil edilmişdir.

Bu gün kursun təntənəli açılışı olmuşdur. Çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən tədbirləri qeyd etmişdir. Həmçinin, o, kursun tədris proqramına uyğun olaraq məhkəmə sisteminin təkmilləşdirilməsi problemləri mövzusunda dinləyicilər qarşısında mühazirə ilə çıxış etmiş, dövlət başçısının məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı 19 yanvar 2006-cı il tarixli Fərmanının xüsusi əhəmiyyətini, qarşıda duran mühüm tədbirləri vurğulamışdır.

Sonra Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə hakimiyyətinin rolu və hakimin statusu mövzusunda mühazirə ilə çıxış etmiş, məhkəmə sistemində nəzəri və peşə hazırlığı ilə yanaşı, yüksək insani keyfiyyətlərinə, o cümlədən mənəvi təmizliyinə, ədalətliliyinə və qərəzsizliyinə, insanlara qayğılı münasibətinə görə fərqlənən şəxslərin təmsil edilməsi zəruriliyini bildirmişdir.

Ən müasir tədris üsullarından istifadə edilməklə yarım il davam edəcək kursda hakimliyə namizədlərin nəzəri biliklərinin artırılması ilə yanaşı, onların müxtəlif məhkəmələrdə staj keçmələri də nəzərdə tutulmuşdur.

 

Keçidlər