X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq sentyabrın 4-də ədliyyə naziri, MəhkəməHüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Ölkəmizdə həyata keçirilən demokratik dəyişikliklərdən söhbət açan nazir insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, ədliyyə orqanlarının inkişafı, o cümlədən penitensiar sistemin fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə ictimai nəzarətin gücləndirilməsi üzrə aparılan mütərəqqi islahatlar, korrupsiya ilə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat vermiş, belə mühüm tədbirlərin nüfuzlu beynəlxalq təşkilatlarla, xüsusən Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində həyata keçirildiyini qeyd etmişdir. Cənab Hammarberqin ötən il Azərbaycana etdiyi səfər zamanı hakimliyə namizədlər qarşısında məzmunlu çıxışının, verdiyi dəyərli tövsiyələrin əhəmiyyəti məmnunluqla vurğulanmışdır.

Söhbət zamanı Azəbaycanda söz azadlığının, demokratiyanın inkişafına mühüm diqqətin təzahürü kimi ölkədə 3600-ə yaxın mətbu nəşrin təsis olunması, 2500-ə yaxın qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması və vətəndaş cəmiyyətinin inkişafını xarakterizə edən digər faktlar diqqətə çatdırılmışdır.

Cənab Tomas Hammarberq ölkəmizdə insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirilməsini vurğulayaraq, ötən il Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planını yüksək qiymətləndirmiş, bu mühüm sənədin icrası ilə bağlı görülən işlərlə maraqlanmışdır. O, hazırkı səfər çərçivəsində penitensiar müəssisələrə, o cümlədən Qobustan həbsxanasına baş çəkməsi ilə bağlı təəssüratlarını bölüşmüşdür.

Ədliyyə və məhkəmə sistemində aparılan islahatlar yüksək qiymətləndirilərək, qeyd olunmuşdur ki, yeni məhkəmələrin fəaliyyətə başlaması, hakimlərin sayının artırılması və onların ədalətli təyinatı insan hüquqlarının etibarlı qorunmasına xidmət edir.

Səmərəli fikir mübadiləsi şəraitində keçən görüşdə insan haqlarının, o cümlədən məhkumların hüquqlarının təmin olunması, məlumat azadlığı, jurnalistlərlə bağlı və digər məsələlər üzrə faydalı müzakirələr aparılmış, müxbirlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi zəruriliyi vurğulanmış, bu məqsədlə treninqlərin keçirilməsinə Avropa Şurasının hazır olduğu bildirilmişdir.

Görüşdə həmçinin, digər konkret məsələlər barədə geniş fikir mübadiləsi aparılmış, qonağı maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Keçidlər