X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Dünya Bankı və Azərbaycan hökuməti Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsini imzalamışlar

Azərbaycan Respublikasında həyata keçirilən demokratik islahatlara və qısa müddətdə əldə olunmuş yüksək nəticələrə böyük maraq göstərən bir sıra beynəlxalq təsisatlar kimi, Dünya Bankı da bu məsələyə öz dəstəyini vermək istəmiş və bir il öncə Bakıya səfər edən bankın Cənubi Qafqaz üzrə direktoru xanım Donna Dousett Koirolo zəruri maliyyə yardımı göstərmək təşəbbüsü ilə cıxış etmişdir. Bununla bağlı, Dünya Bankı ilə səmərəli danışıqlar nəticəsində ölkəmizin ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin həyata keçirilməsi və bu layihənin icrası üçün bank tərəfindən respublikamıza ən əlverişli şərtlərlə kreditin ayrılması barədə razılıq əldə olunmuşdur.

Layihənin hazırlanması məqsədilə Ədliyyə Nazirliyinin məsul işçilərindən ibarət xüsusi işçi qrupu yaradılmış, məhkəmə infrastrukturu üzrə monitorinqlər keçirilmiş və bu sahədə qabaqcıl beynəlxalq təcrübə öyrənilmişdir. Eyni zamanda, Dünya Bankının peşəkar mütəxəssislərindən ibarət bir neçə missiya Bakıya səfər etmiş, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı, Nazirlər Kabineti, Maliyyə və Vergilər nazirliklərində görüşlər keçirilmiş, müzakirələr aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 19.01.2006-cı il tarixli Fərmanından irəli gələn vəzifələr rəhbər tutularaq, mütəxəssislərin gərgin əməyi nəticəsində qısa müddətdə layihənin ilkin variantı hazırlanmış və bu ilin may ayının 29-da Beynəlxalq İnkişaf Assosiasiyasının Direktorlar Şurasına təqdim olunaraq həmin şura tərəfindən qəbul olunmuşdur.

Oktyabrın 3-də Dünya Bankı və Azərbaycan Respublikasının Hökuməti arasında ədliyyə sisteminin müasirləşdirilməsi Layihəsi üzrə maliyyələşdirmə Sazişi imzalanmışdır. Sazişi Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədov, Dünya Bankı adından isə Azərbaycan üzrə ölkə meneceri cənab Qreqori Yedjeyçak tərəfindən imzalamışlar.

5 il ərzində həyata keçirilməsi nəzərdə tutulan və 35,6 milyon ABŞ dolları dəyərində olan Azərbaycanda Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsinin 21,6 milyon ABŞ dolları məbləği Azərbaycan üçün verilmiş kredit, habelə layihə çərçivəsində Yaponiya hökumətinin 3 milyon ABŞ dolları məbləğində əvəzsiz maliyyə dəstəyi və 11 milyon ABŞ dolları məbləğində Azərbaycan Respublikası hökumətinin payı təşkil edir.

Layihə çərçivəsində məhkəmə orqanlarının idarəetmə imkanlarının gücləndirilməsi məqsədilə kompüterləşdirilmiş idarəetmə sistemlərinin, informasiya şəbəkəsinin və bu sahədə tədrisin təmin edilməsi, məhkəmə binalarının tikintisi və yenidənqurulması, müasir texnologiya və idarəetmə sistemlərinin tətbiqi, hakimlərin və məhkəmə işçilərinin peşəkarlığının artırılması, vətəndaşların informasiya almaq imkanlarının genişləndirilməsi, qeydiyyat və notariat fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması üzrə müvafiq tədbirlər nəzərdə tutulur.

Layihədə 17 məhkəmə binasının tikintisi, bir çox məhkəmə binalarının əsaslı təmiri və bərpası ilə yanaşı, onların texniki cəhətdən modernləşdirilməsi və müasir informasiya texnoloqiyaları ilə təchız olunması nəzərdə tutulur. Bundan başqa layihədə respublikanın ali məhkəmə orqanlarının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmasına xüsusi yer ayrılmışdır.

Sənəddə, həmçinin, Ədliyyə Akademiyasının yaradılması, hakimlərin, habelə digər hüquqşunasların peşəkar səviyyəsinin artırılması məqsədilə ilkin və davamlı təlim kurslarının təşkil olunması, notariat və qeyydiyyat qurumlarının potensialının gücləndirilməsi və onların müasir avadanlıqla təchiz olunması ilə bağlı məsələlərə xüsusi yer ayrılmış, əhaliyə, həmçinin aztəminatlı vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmətin göstərilməsi işinin genişləndirilməsinə mühüm diqqət yetirilmişdir.

İmzalanma mərasimində ədliyyə naziri Fikrət Məmmədov və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri cənab Qreqori Yedjeyçak çıxış etmişlər.

Nazir çıxışında Azərbaycanda uğurla aparılan məhkəmə-hüquq islahatlarından danışaraq, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən genişmiqyaslı işlər barədə məlumat vermiş və əmin olduğunu bildirmişdir ki, layihənin icrası ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəmə fəaliyyətinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə gətirib çıxaracaqdır. O, layihənin hazırlanmasında iştirak etmiş bütün şəxslərə, xüsusilə bu mühüm işə töhfəsini vermiş Dünya Bankının rəhbərliyinə, həmçinin Yaponiya hökumətinə öz dərin minnətdarlığını bildirmişdir.

Azərbaycanın ədliyyə və məhkəmə sistemlərində aparılan islahatları yüksək qiymətləndirən Q. Yedjeyçak üçpilləli məhkəmə sisteminin qurulmasını, həkimlərin şəffaf və müasir üsullarla seçilməsini, hüquqi bazanın möhkəmləndirilməsini müsbət dəyərləndirmişdir. İmzalanma mərasimində Ali Məhkəmənin sədri Ramiz Rzayev və Yaponiyanın Azərbaycandakı səfiri Tadahiro Abe iştirak etmişlər.

Keçidlər