X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə faydalı əməkdaşlıq davam edir

Azərbaycanda həyata keçirilən hərtərəfli demokratik islahatları, o cümlədən insan hüquqlarının etibarlı qorunması, penitensiar sistemin ən müasir tələblərə uyğunlaşdırılması üzrə məqsədyönlü tədbirlərə dəstək verən Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Ədliyyə Nazirliyi ilə bu sahədə davamlı olaraq yaxından əməkdaşlıq edir.

Azərbaycan Hökuməti ilə bu mötəbər təşkilat arasında 2000-ci ildə imzalanmış Sazişə müvafiq olaraq Komitə nümayəndələri cəzaçəkmə yerlərinə maneəsiz baş çəkir, məhkumlarla təkbətək görüşlər keçirir, nəticələrlə bağlı Ədliyyə Nazirliyinə hesabatlar təqdim edirlər. Sazişin qüvvəsinin başa çatması və səmərəli əməkdaşlığın davam etdirilməsində qarşılıqlı maraq nəzərə alınaraq, həmin sənədin müddətinin növbəti dəfə uzadılması barədə razılığa gəlinmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə verilmiş səlahiyyətə əsasən iyulun 26-da Ədliyyə Nazirliyində müvafiq Protokolun imzalanma mərasimi keçirilmişdir. Sənədi nazir Fikrət Məmmədov və BQXK-nın Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Martin Amaşer imzalamışlar.

BQXK ilə əməkdaşlıqdan məmnun olduğunu bildirən ədliyyə naziri penitensiar sistemdə köklü islahatların aparıldığını, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, onların hüquqlarının qorunması üzrə görülən tədbirləri, bu sahədə ictimai nəzarətin gücləndirildiyini, eyni zamanda, penitensiar xidmətə dövlət qayğısının artırıldığını, regionlarda yeni cəzaçəkmə müəssisələrinin inşa edildiyini qeyd etmiş, bu sazişin qüvvəsinin yenidən uzadılması ilə əməkdaşlıq üçün daha da yeni perspektivlərin yarandığını diqqətə çatdırmışdır.

Azərbaycanın penitensiar sistemində aparılan köklü islahatların müsbət nəticələr verdiyini qeyd edən M.Amaşer, məhkumlara qayğı ilə yanaşıldığını, onların saxlanma şəraitinin, ərzaq, tibb və digər təminatlarının yaxşılaşdığını təqdir edərək, buna penitensiar sistemdə idarəetmənin düzgün təşkili sayəsində nail olunduğunu vurğulamış, son iki il ərzində Komitə nümayəndələrinin Azərbaycanda olan azadlıqdan məhrumetmə yerlərinə 100 dəfədən çox baş çəkdiyi və 1500-ə yaxın şəxslə görüşdüyü barədə məlumat vermiş, ölkəmizlə faydalı və məhsuldar əməkdaşlıq üçün yaradılmış şəraitə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirmişdir.

Mərasimdə Ədliyyə Nazirliyinin və BQXK-nın məsul nümayəndələri, həmçinin cəzaların icrasına ictimai nəzarəti həyata keçirən İctimai Komitənin bütün üzvləri iştirak etmişlər.

Keçidlər