X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə sisteminin müasirləşdirilməsi üzrə tədbirlər uğurla həyata keçirilir

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində ədliyyə və məhkəmə infrastrukturunun təkmilləşdirilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər görülür.

Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən «Ədliyyə sisteminin müasirləşdirilməsi» layihəsi üzrə Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və Ədliyyə Nazirliyinin qeydiyyat orqanları müasir avadanlıqla təchiz edilmiş, Məhkəmə-Hüquq Şurasının yeni texnologiya ilə təmin olunması, habelə elektron notariat sisteminin müasirləşdirilməsi üçün tender prosedurlarına başlanılmışdır.

Həmçinin, Ədliyyə orqanlarında və məhkəmələrdə idarəçiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, mövcud informasiya proqramlarının təkmilləşdirilməsi və vahid informasiya şəbəkəsinin yaradılması məqsədilə müsabiqə yolu ilə informasiya texnologiyaları üzrə zəngin təcrübəyə malik milli və beynəlxalq (Avstraliyadan) məsləhətçilər seçilərək işə başlamışlar. Qısa müddət ərzində bu sahədə idarəetmə sistemləri, iş prosesi, sənəd və informasiya axını ilə tanış olunmuş və elektron idarəetmə və sənəd dövriyyəsinin yaradılması üçün görüləcək işlərə dair Tədbirlər Planı hazırlanmışdır.

Bu günlərdə Ədliyyə Nazirliyində həmin tədbirlər geniş müzakirə olunmuşdur. Nazirliyin rəhbərliyi, məhkəmə sədrləri, Məhkəmə-Hüquq Şurasının, Konstitusiya və Ali məhkəmələrin məsul nümayəndələri və aidiyyəti işçilərin iştirakı ilə keçirilən müzakirə zamanı ətraflı fikir mübadiləsi aparılmış, faydalı təkliflər irəli sürülmüş, qeyd edilən tədbirlərin icrası nəticəsində ədliyyə və məhkəmə fəaliyyətinin daha da təkmilləşdiriləcəyi qeyd olunmuşdur.

Keçidlər