X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Məhkəmə qərarlarının icrası mövzusunda beynəlxalq seminar

Azərbaycanın Ədliyyə Nazirliyi ilə nüfuzlu beynəlxalq qurumlardan olan Avropa Ümumi Hüquq Mərkəzi arasında səmərəli əməkdaşlıq əlaqələri qurularaq, Azərbaycanda qanunun aliliyi üzrə hüquqşünasların tədrisi və hüquq islahatlarına dəstək Layihəsi həyata keçirilir, qurumunrəhbəri və ekspertləri ölkəmizə səfərlər edərək, hakimlər, hakimliyə namizədlər və ədliyyə işçiləri qarşısında aktual mövzular üzrə mühazirələrlə çıxış edir, mütəxəssis və təcrübə mübadiləsi aparılır.

Layihə çərçivəsində iyulun 20-də Ədliyyə Nazirliyində Məhkəmə qərarlarının icrası: Avropa standartları və qabaqcıl təcrübə mövzusunda növbəti seminar keçirilmişdir. Tədbirdə Nazirliyin məsul əməkdaşları, məhkəmə icraçıları, hakimliyə namizədlər, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədən uğurla keçmiş gənc hüquqşünaslar iştirak etmişlər.

Ədliyyə nazirinin müavini, Avropa Ümumi Hüquq Mərkəzi Direktorlar Şurasının üzvü Toğrul Musayev seminarı açaraq, tədbirin ölkə başçısı cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarının icrası üzrə görülən işlər çərçivəsində keçirildiyini bildirmiş, məhkəmə qərarlarının vaxtında və düzgün icrasının təmin edilməsinin xüsusi əhəmiyyətini vurğulamışdır. Bu sahədə mövcud problemlərin həlli istiqamətində nazirlik tərəfindən görülən işlər diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, məhkəmə qərarlarının icrası vəziyyəti ötən ilin iyulunda nazirliyin geniş Kollegiya iclasında prinsipial müzakirə olunmuş və icra işinin yaxşılaşdırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutan əhatəli qərar qəbul edilmişdir.

Seminarda Avropa Ümumi Hüquq Mərkəzinin ekspertləri Yunanıstanın birinci instansiya inzibati məhkəməsinin hakimi Panagiotis Danias və Panagiotis Flessas məhkəmə qərarlarının icrası üzrə qabaqcıl Avropa təcrübəsi haqqında mühazirələrlə çıxış etmiş, mövzu ətrafında geniş müzakirələr keçirilmiş, səciyyəvi problemlərlə bağlı praktiki əhəmiyyətli səmərəli fikir mübadiləsi aparılmış, təkliflər, faydalı tövsiyələr verilmişdir.

Tədbirdən sonra nazir müavini T.Musayev avropalı ekspertlərlə görüşmüş, qonaqlar seminar barədə təəssüratlarını bölüşmüş, əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Keçidlər