X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycanla Rusiya arasında hüquqi əməkdaşlıq genişlənir

Ölkə Prezidenti cənab İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı Fərmanının icrası üzrə görülən tədbirlərə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev və ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov təcrübə mübadiləsi məqsədilə bu günlərdə Moskvada səfərdə olmuşlar. Azərbaycanın nümayəndə heyəti yüksək qonaqpərvərliklə qarşılanmışdır.

Rusiya Federasiyası Ali Məhkəməsinin sədri Vyaçeslav Lebedev ilə keçirilən görüşdə iki dost ölkənin qarşılıqlı münasibətlərinin hərtərəfli inkişafından razılıq ifadə olunmuş, məhkəmə-hüquq orqanları arasında əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmışdır. Söhbət zamanı Rusiyada məhkəmə fəaliyyəti haqqında məlumat verilmiş, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Eyni zamanda, ölkəmizin məhkəmə-hüquq sisemində aparılan islahatlar, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, ədliyyə orqanlarının inkişafı üzrə görülən mütərəqqi tədbirlər diqqətə çatdırılmışdır. Məhkəmə orqanları arasında əlaqələrin daha da genişləndirilməsi və təcrübə mübadiləsinin zəruriliyi qeyd olunmuşdur.

Məhkəmə Departamentinin baş direktoru Aleksandr Qusev Azərbaycan nümayəndə heyətini Rusiya Federasiyası Ali Məhkəməsində yaradılmış Ədalət mühakiməsi adlı Dövlət Avtomatlaşdırılmış Sistemi ilə tanış etmişdir. Vosxod Elmi-Tətqiqat İnstitutunun hazırladığı bu proqrama əsasən sistemləşdirilmiş qanunvericilik, məhkəmə qərarları, məhkəmə statistikası, beynəlxalq əlaqələr və digər məsələlərlə bağlı zəruri məlumatlar vahid mərkəzləşdirilmiş kompüter sisteminə daxil edilmişdir. Elə oradaca Rusiyanın müxtəlif bölgələrinin məhkəmələri, istintaq təcridxanası ilə birbaşa əlaqə yaradılaraq, video-konfrans keçirilmişdir. Qeyd edilən sistemin tərkib hissəsi olan elektron köşklərdən hər bir vətəndaşın məhkəmələrdə baxılan işlər, qəbul olunan qərarlar və s. barədə sərbəst məlumat almaq imkanı da nümayiş etdirilmişdir.

Ölkəmizdə məhkəmə sisteminin modernləşdirilməsi, bu sahədə xarici dövlətlərin mütərəqqi təcrübəsinin tətbiqi məsələsi müzakirə edilmişdir.

Keçidlər