X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Afinada konstitusiya hüququ üzrə 7-ci dünya konqresi keçirilmişdir

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Avropa Ümumi Hüquq Mərkəzi arasında qurulmuş səmərəli əməkdaşlıq nəticəsində bir sıra tədbirlər, o cümlədən, Yunanıstan Hökumətinin maliyyə dəstəyi əsasında "Azərbaycanda qanunun aliliyi üzrə hüquqşünasların tədrisi və zəruri hüquq islahatlarına dəstək" adlı Layihə həyata keçirilir.

Bu əməkdaşlıq çərçivəsində Mərkəzin Direktorlar Şurasının üzvü, ədliyyə nazirinin müavini Toğrul Musayev Yunanıstanın Afina şəhərində bu il iyunun 11-15-də keçirilmiş Konstitusiya Hüququ üzrə 7-ci Dünya Konqresində iştirak etmişdir.

Avropa Ümumi Hüquq Mərkəzinin təşkilatçılığı ilə Konstitusiya Hüququ üzrə Beynəlxalq Assosiasiya və Yunan Konstitusiyaçılar Assosiasiyası tərəfindən keçirilmiş Konqresin əhəmiyyəti nəzərə alınaraq açılış mərasimində Yunanıstan Respublikasının daxili işlər, dövlət idarəetməsi və desentralizasiya naziri, Parlamentin vitse-spikeri, həmçinin, xarici işlər nazirinin müavini, Afina şəhərinin meri və digər rəsmi şəxslər çıxış etmişlər.

Konqresin işində Avropa Şurası Venesiya Komissiyasının katibi cənab Canni Bukikkio iştirak edirdi. Bütövlükdə isə tədbirdə 72 ölkədən 500-dən çox nümayəndə təmsil olunmuşdur.

Konqresdə konstitusiya hüququnun müxtəlif istiqamətləri, o cümlədən, konstitusiya münaqişə və sabitlik arasında mövzuları üzrə dörd plenar sessiya keçirilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə referendum yolu ilə qəbul olunmuş Konstitusiyamız barədə, həmçinin, ölkəmizdə konstitusiya məhkəmə icraatına dair məlumat Toğrul Musayev tərəfindən Konqres iştirakçılarına təqdim olunmuşdur.

Səfər çərçivəsində Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio, Yunan Konstitusiyaçılar Assosiasiyasının prezidenti Kostas Mavrias və Avropa Ümumi Hüquq Mərkəzinin direktoru Spiridon Floqaitislə görüşlər keçirilmiş, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə və Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən əsaslı məhkəmə-hüquq islahatları, ədliyyənin inkişafı üzrə görülən tədbirlər barədə onlara verilmiş məlumatlar maraqla qarşılanmışdır.

Görüşlər zamanı Azərbaycanın müvafiq təsisatları və nümayəndələri Konstitusiya Hüququ üzrə Beynəlxalq Assosiasiyaya üzv olmaq üçün dəvət olunmuşlar.

Ölkəmizlə Avropa Ümumi Hüquq Mərkəzi tərəfindən uğurla həyata keçirilən "Azərbaycanda qanunun aliliyi üzrə hüquqşünasların tədrisi və zəruri hüquq islahatlarına dəstək" adlı layihənin müddətinin başa çatması ilə bağlı "Hüquqşünasların Avropa ümumi hüququ üzrə ixtisaslaşdırılmış tədrisi" mövzusunda yeni layihənin icrasına başlanması barədə razılıq əldə olunmuşdur.

Konqresdə Konstitusiya Hüququ üzrə Beynəlxalq Assosiasiyanın fəaliyyət müddəti başa çatan prezidenti Şeril Saundersin yerinə Fransa Dövlət Şurasının hakimi, Paris I Universitetinin professoru Didye Mous seçilmişdir. Həmçinin, Yunan Konstitusiyaçılar Assosiasiyasının prezidenti Kostas Mavrias Beynəlxalq Assosiasiyanın fəxri prezidenti seçilmişdir.

Keçidlər