X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan - Bolqarıstan: hüquqi sahədə əməkdaşlıq genişlənir

Beynəlxalq hüquq əməkdaşlığını daha da genişləndirmək məqsədilə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun dəvətinə əsasən Bolqarıstan Respublikasının ədliyyə naziri Georgi Petkanov mayın 15-də ölkəmizə səfərə gəlmişdir.

Səfərə ümummilli liderimiz Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayan cənab Georgi Petkanov ədliyyə naziri Fikrət Məmmədovla görüşmüş, əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

Bolqarıstanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu məmnunluq hissilə vurğulayan Fikrət Məmmədov xalqlarımız arasında tarixən dostluq əlaqələrinin mövcudluğunu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə Bolqarıstana tarixi səfərinin, eləcə də 2004-cü ildə Prezident Georgi Pırvanovun Bakıya, 2005-ci ildə isə Prezident İlham Əliyevin Sofiyaya rəsmi səfərlərinin qarşılıqlı münasibətlərin inkişafına güclü təkan verdiyini, ölkələrimiz arasında inkişaf edən müqavilə-hüquq bazasının səmərəli əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirmişdir. O, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına yönəlmiş tədbirlər, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimliyə namizədlərin demokratik üsullarla seçilməsi və ədliyyə orqanlarının inkişafı üzrə görülən genişmiqyaslı işlər barədə ətraflı məlumat vermişdir. Fikrət Məmmədov, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyon soydaşımızın qaçqın və köçkün vəziyyətində yaşadığını diqqətə çatdırmış, münaqişənin ədalətli həlli üçün beynəlxalq ictimaiyyətin fəallığının vacibliyini vurğulamışdır.

Cənab Petkanov öz ölkəsinin Avropa Birliyinə daxil olduğunu, bununla əlaqədar köklü islahatlar aparıldığını və Bolqarıstanın əldə etdiyi təcrübəni Azərbaycanla bölüşməyə hazır olduğunu bildirmişdir. O, dinamik inkişaf dövrünü yaşayan Azərbaycanla hərtərəfli əməkdaşlığa Bolqarıstanın böyük önəm verdiyini qeyd edərək, ölkəmizin məhkəmə və ədliyyə sistemində, o cumlədən penitensiar sahədə həyata keçirilən islahatların böyük maraq doğurduğunu, əldə edilən uğurlardan məmnun qaldığını vurğulamışdır.

Sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Bolqarıstan Respublikasının Ədliyyə Nazirliyi arasında Əməkdaşlıq haqqında sazişin imzalanması mərasimi olmuşdur. Mərasimdə çıxış edən nazirlər dövlətlərimizin hüquqi sahədə əməkdaşlığının daha da möhkəmləndirilməsində bu sənədin rolunu qeyd etmiş, onun Ədliyyə nazirlikləri arasında hərtərəfli əlaqələrin inkişafına xidmət edəcəyini vurğulamışlar.

Qonaqlar Nazirlikdə Heydər Əliyev muzeyi və ədliyyə tarixi muzeyi, habelə səfərlə bağlı hazırlanmış və Azərbaycan-Bolqarıstan əməkdaşlığını əks etdirən ekspozisiyalarla tanış olmuşlar.

Dörd günlük səfər çərçivəsində cənab Petkanovun başçılıq etdiyi nümayəndə heyətinin bir sıra rəsmi görüşlər keçirməsi, Azərbaycan ədliyyə orqanlarının, o cümlədən penitensiar sistemin və bir sıra məhkəmələrin fəaliyyəti ilə tanışlığı və qarşılıqlı təcrübə mübadiləsi aparılması nəzərdə tutulmuşdur.

Keçidlər