X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

ATƏT və Azərbaycan arasında əməkdaşlıq inkişaf edir

İyulun 16-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ATƏT-in Baş katibi, səfir Mark Perrin de Brişambo ilə görüşmüşdür

Azərbaycan və ATƏT arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə kompleks tədbirlər, Ədliyyə Akademiyasının fəaliyyətinin təşkili barədə məlumat vermiş, ATƏT-lə əməkdaşlıqda həyata keçirilən tədbirləri, xüsusilə hakim və hakimliyə namizədlərlə aparılan tədris tədbirlərinin, o cümlədən səhnələşdirilmiş məhkəmə formatında keçirilən təlimlərin əhəmiyyətini vurğulamışdır.

ATƏT-lə Azərbaycan arasında geniş əlaqələrin olduğunu bildirən qonaq qanunun aliliyi təşviqinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə açıq və səmərəli əməkdaşlığa görə minnətdarlığını ifadə etmişdir. Cənab Brişambo həmçinin, ölkəmizin Avropada ən müasir penitensiar sistemin yaradılmasına doğru irəlilədiyini, qabaqcıl beynəlxalq standartlara uyğun tikilmiş Bakı istintaq təcridxanasını bariz nümunə olduğunu bildirmiş, bu sahədə şəffaflığın və aşkarlığın təmin olunmasını məmnunluqla qeyd etmişdir.

Görüşdə həmçinin, demokratik cəmiyyətdə müstəsna əhəmiyyətə malik olan inzibati məhkəmələrin ölkəmizdə yaradılması təqdir olunmuş, məhkəmə monitorinqlərinin aparılması üzrə tədbirlər, habelə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğu vurğulanmış, qarşılıqlı fəaliyyətə dair konkret təkliflər irəli sürülmüşdür.

Keçidlər