X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Avropa hüquq məkanına sürətlə inteqrasiya edir

Hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi üzrə səylərin gücləndirilməsini öz siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmiş dövlətimizin ümumbəşəri dəyərlərə sadiqliyinin növbəti təzahürü olaraq, 2006-cı il dekabrın 28-də ölkə başçısı tərəfindən bu sahədə Milli Fəaliyyət planı təsdiq edilmişdir. Məsələ Ədliyyə Nazirliyinin Kollegiyasında ətraflı müzakirə edilmiş, bu istiqamətdə fəaliyyətin daha məqsədyönlü, ardıcıl və səmərəli həyata keçirilməsini təmin etmək üçün geniş, müxtəlif sahələri əhatə edən uzunmüddətli Tədbirlər Planı hazırlanmışdır.

İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrası çərçivəsində aprelin 26-da Ədliyyə Nazirliyində İnsan hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Nazirliyin rəhbər işçilərinin, Məhkəmə-Hüquq Şurası üzvlərinin, respublika Baş prokurorunun, məhkəmə sədrlərinin, Vəkillər Kollegiyası rəhbərliyinin, ölkəmizdə səfərdə olan İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri - Eqbert Meyerin və Xanlar Hacıyevin iştirak etdiyi tədbiri Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov açmışdır. O, ölkəmizdə həyata keçirilən məhkəmə hüquq islahatlarının keyfiyyətcə yeni mərhələyə daxil olduğunu, indiki şəraitdə beynəlxalq hüquq normalarının, xüsusilə İnsan hüquqları üzrə Avropa Məhkəməsi presedent hüququnun öyrənilməsinə və tətbiqinə mühüm önəm verildiyini bildirmiş, bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyələrinin yerinə yetirilməsi üzrə görülən ardıcıl tədbirləri diqqətə çatdırmışdır.

Dəyirmi masada İnsan hüquqlarının müdafiəsi üzrə Avropa Konvensiyası və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yeni presedentləri mövzusunda çıxış edən cənab Eqbert Meyer müstəqil Azərbaycan dövlətində Avropa presedent hüququna belə diqqət yetirilməsinin əhəmiyyətini qeyd etmişdir. Görkəmli hüquqşünas, Azərbaycanda tərcümə edilərək, hakimlər, prokurorlar və digər hüquqşünaslar arasında yayılmış insan hüquqları üzrə xüsusi Təlimatın müəllifi Eqbert Meyer səfəri çərçivəsində hakimlər və prokurorlar qarşısında mühazirə ilə çıxış etməsindən məmnun qaldığını vurğulamış, son dövrdə ölkəmizdə aparılan məhkəmə islahatlarının, hakimliyə namizədlərin ən demokratik və şəffaf üsullarla seçilməsinin və digər mütərəqqi tədbirlərin geniş əks-səda doğurduğunu və Avropa Şurasında da bəyənildiyini bildirmişdir.

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyətinin təkmilləşdirilməsi məqsədilə aparılan islahatlar barədə məlumat verən Xanlar Hacıyev Məhkəmədə müracətlərə və işlərə baxılmasının xüsusiyyətlərindən danışmış, şikayətlərə səbəb olan xarakterik məsələləri qeyd etmiş, faydalı tövsiyələr vermişdir.

Səmərəli müzakirələr şəraitində keçən tədbirdə İnsan hüquqları ilə bağlı beynəlxalq hüquq normalarının, xüsusilə bu sahədə Avropa Məhkəməsi təcrübəsinin və onun presedent hüququnun dərindən öyrənilməsi və milli məhkəmələr tərəfindən tətbiqinin əhəmiyyəti vurğulanmış, Avropa ailəsinin tamhüquqlu və fəal üzvü olan Azərbaycanda bu məsələyə lazımi önəm verilməsi hüquqi dövlət quruculuğunun real təzahürü kimi dəyərləndirilmişdir.

Keçidlər