X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycanla Avstriya arasında hüquqi əməkdaşlıq uğurla inkişaf edir

Ölkəmizdə səfərdə olan Avstriyanın Konstitusiya Məhkəməsinin sədr əvəzi xanım Brigitte Birlayn aprelin 19-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Qonağı səmimi salamlayan nazir dövlətlərimiz arasında münasibətlərin uğurlu inkişafını, xüsusilə huquqi sahədə əməkdaşlığın intensiv xarakter almasını razılıqla qeyd edərək, ədliyyə nazirlərinin qarşılıqlı səfərləri zamanı imzalanmış Anlaşma Memorandumunun və Əməkdaşlıq Proqramının əhəmiyyətini vurğulamışdır. O, xanım Birlayn ilə Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin tərkibində qarşılıqlı səmərəli əməkdaşlığı, İcraiyyə Komitəsinin 2002-ci ildə Bakıda keçirilmiş iclasında onun fəal iştirakını və özünün Avstriyaya rəsmi səfəri çərçivəsində görüşü məmnunluqla xatırlatmışdır.

Səmimi şəraitdə keçən söhbət zamanı Prezident İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə sisteminin müasirləşdirilməsi və ədliyyə orqanlarının inkişafı üzrə görülən genişmiqyaslı işlər barədə qonağa ətraflı məlumat verilmişdir.

Azərbaycanın iqtisadi və digər sahələrdə sürətli inkişafını, məhkəmə və ədliyyə sistemində əhəmiyyətli yenilikləri maraqla qarşılayan xanım Birlayn ölkəmizə ilk səfərindən ötən 5 il ərzində baş vermiş dəyişikliklərin, geniş vüsət almış tikinti və abadlıq işlərinin böyük təəssürat doğurduğunu bildirmişdir. Hüquqi islahatlar sahəsində atılan uğurlu addımların mükəmməl məhkəmə sisteminin formalaşmasına və demokratiyanın inkişafına xidmət etdiyini bildirən qonaq görülən işlər sırasında hakimliyə namizədlərin beynəlxalq normalara uyğun, tam şəffaf prosedurlar əsasında seçilməsinin əhəmiyyətini xüsusi vurğulamışdır. O, Avstriyanın Azərbaycanla əlaqələrin genişlənməsinə, o cümlədən hüquqi sahədə əməkdaşlığa mühüm önəm verdiyini diqqətə çatdırmışdır.

Görüşdə məhkəmə və ədliyyə orqanları arasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi, təcrübə mübadiləsi və əməkdaşlığın digər inkişaf perspektivləri barədə səmərəli fikir mübadiləsi aparılmışdır.

Sonra qonaq nazirlikdə Heydər Əliyev və ədliyyə tarixi muzeyləri ilə tanış olmuşdur.

Keçidlər