X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan nümayəndə heyəti Yohannesburqda keçirilmiş korrupsiyaya qarşı mübarizə üzrə 5-ci qlobal forumda iştirak etmişdir

Azərbaycan nümayəndə heyəti Yohannesburqda keçirilmiş korrupsiyaya qarşı mübarizə üzrə 5-ci qlobal forumda iştirak etmişdir

V Qlobal Forum çərçivəsində keçirilmiş nazirəlrin forumu

Aprelin 2-dən 5-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Korrupsiyaya qarşı mübarizə üzrə 5-ci Qlobal Forum keçirilmişdir. Qlobal Forum Cənubi Afrika hökuməti tərəfindən Beynəlxalq Təşkilat Komitəsinin dəstəyi ilə birgə təşkil edilmişdir.

(Nazirlərin forumu zamanı)

Forumda Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri - Baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov, Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Ruslan Hacıyev və digər əməkdaşlar iştirak etmişlər.

Dünya səviyyəsində korrupsiyaya qarşı mübarizə sahəsində iki ildən bir keçirilən Qlobal Forum hökumətlərarası tədbirdir. Korrupsiyaya qarşı mübarizə üzrə ilk Qlobal Forum 1999-cu ildə Vaşinqtonda, növbəti forumlar isə 2001-ci ildə Haaqada, 2003-cü ildə Seulda, 2005-ci ildə Braziliyada keçirilmişdir. Qlobal Forumların məqsədi korrupsiyanın qarşısının alınması, ona qarşı mübarizə üzrə səmərəli praktiki və qabaqcıl təcrübələr barədə müzakirələr aparmaq və fikir mübadiləsi etməkdən ibarətdir. Qlobal Forum həm də müxtəlif hökumət və qeyri-hökumət təşkilatları tərəfindən keçirilən forumları tamamlamaq məqsədi daşıyır və korrupsiyaya qarşı mübarizə sahəsində indiyə qədər qəbul edilmiş öhdəliklərin səmərəli icra edilməsini diqqət mərkəzində saxlayır.

(Azərbaycan nümayəndə heyəti)

Yohannesburq forumunda korrupsiyaya qarşı mübarizə üzrə həyata keçirilən tədbirlər, qabaqcıl təcrübə, qarşıya çıxan problemlər, onların həlli yolları, bu sahədə əməkdaşlıq perspektivləri və digər məsələlər müzakirə edilmişdir. Forumda plenar iclaslar, nümayəndə heyətləri rəhbərlərinin və nazirlərin görüşləri keçirilmiş, o cümlədən müxtəlif mövzulara həsr edilmiş işçi iclaslar təşkil olunmuşdur. 100-dən çox ölkəni təmsil edən Forumda 1500-ə yaxın nümayəndə - dövlət başçıları, yüksək dövlət vəzifəli şəxslər, özəl sektorun nümayəndələri, korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssislər, vətəndaş cəmiyyəti nümayəndələri və elmi işçilər iştirak etmişlər.

Azərbaycan nümayəndə heyəti Forumda müzakirə edilən məsələlərdə fəallıq göstərmişdir. Nümayəndə heyətimiz Fransa, ABŞ, Rusiya, Türkiyə, Çin, İndoneziya, Cənubi Afrika, Gürcüstan və digər ölkələrin, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirmişdir. Azərbaycan nümayəndə heyətinin üzvlərinin Türkiyənin ədliyyə naziri Cəmil Çiçək, Çin Xalq Respublikasının Baş prokuroru Jia Çunvanq, İndoneziyanın Baş prokuroru Abdul Rahman Saleh, Rumıniyanın Baş prokuroru Laura Kodruta Kovesi, Türkiyə Hesablama Palatasının sədri Mehmet Damar, Fransanın Beynəlxalq cinayətkarlığa qarşı mübarizə üzrə səfiri Jan Pier Vidon və Cənubi Afrika Respublikasının yüksək vəzifəli şəxsləri ilə görüşləri olmuşdur.

Forumda və görüşlərdə Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə yeni milli strategiya barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikasının siyasi, sosial, iqtisadi inkişafı, hüquqi islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmiz haqqında digər məlumatlar, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri əks etdirən müxtəlif sənədlər iştirakçılara təqdim edilmişdir.

5-ci Qlobal Forumda bəyannamə qəbul olunmuşdur.

Beynəlxalq əməkdaşlığın inkişafı, qabaqcıl təcrübələrin öyrənilməsi Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi tədbirlərin əsas prioritetlərindəndir. 5-ci Qlobal Forumda, o cümlədən digər beynəlxalq tədbirlərdə iştirak korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin səmərəliliyinin artırılmasına və inkişaf etdirilməsinə xidmət edir. Bu məqsədlə həmçinin bu ilin may ayında Azərbaycan hökumətinin dəstəyi ilə Bakıda Transparency İnternational təşkilatının regional görüşünün keçirilməsi nəzərdə tutulur.

Keçidlər