X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Penitensiar Xidmətin fəaliyyəti Ədliyyə Nazirliyinin kollegiyasında müzakirə edilmişdir

Martın 15-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətində bütün cəzaçəkmə müəssisələri rəislərinin, müavinlərin və digər rəhbər işçilərin iştirakı ilə Nazirliyin səyyar Kollegiya iclası keçirilmişdir.

Tədbirin əvvəlində ölkə başçısının tapşırığına əsasən penitensiar orqanlarda xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə dövlət təltiflərinə layiq görülmüş əməkdaşlara təltiflər təqdim olunmuşdur.

Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov Kollegiya iclasını açaraq, Penitensiar xidmətin işinin müasir tələblərə uyğun qurulması üzrə həyata keçirilən kompleks tədbirlərdən danışmışdır.

İclasda son dövrdə görülmüş işlər barədə nazir müavini, Penitensiar xidmətin rəisi Nazim Ələkbərovun məruzəsi dinlənilmiş, qarşıda duran vəzifələr ətraflı müzakirə edilmişdir.

Qeyd olunmuşdur ki, bu sahədə mövcud olmuş qanun pozuntularının və digər çatışmazlıqların aradan qaldırılmasına yönəlmiş tədbirlər davam etdirilərək, son 2 ildə ciddi nöqsanlara yol verdiklərinə görə 260 əməkdaş cəzalandırılmış, 80 vəzifəli şəxs işdən azad edilmiş, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlər törətmiş 38 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur. Eyni zamanda, kadr işi sağlam meyarlar əsasında qurulmuş, işçilərin maddi-sosial təminatı köklü surətdə yaxşılaşdırılmış, onların əmək haqqı xeyli artmışdır.

Həmçinin, məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma şəraitinin və təminatlarının yaxşılaşdırılması, fəaliyyətdə şəffaflığın gücləndirilməsi üzrə görülən tədbirlər qeyd edilmişdir.

Bununla yanaşı, nazir Fikrət Məmmədov Penitensiar xidmətdə bir çox problemlərin və nöqsanların hələ də mövcud olmasını diqqətə çatdırmışdır. Narahatlıq doğuran konkret faktlara toxunan nazir cavabdeh şəxsləri ciddicəzalandıraraq, digərlərindən görülən qəti tədbirlərdən nəticə çıxarmağı və qısa müddətdə fəaliyyətlərində dönüş yaratmağı tələb etmişdir.

Açıq və prinsipial müzakirə şəraitində keçən Kollegiya iclasında xidmətin işinin yaxşılaşdırılması və çatışmazlıqların aradan qaldırılması ilə bağlı əlavə təsirli tədbirlərin görülməsi barədə qəti tapşırıqlar verilmişdir.

Keçidlər