X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan notariatı Samarada

Rusiya Federasiyasının Notariat Palatası Samara vilayətinin Notariat Palatası ilə birlikdə cari ilin 26 avqust - 02 sentyabr tarixlərində Avstriya, Azərbaycan, Bolqarıstan, Belarus və Türkiyə dövlətlərinin nümayəndələrinin dəvət olunduğu “Notariat fəaliyyətinin aktual məsələləri” mövzusunda seminar keçirmişdir.

Azərbaycan Respublikasını Qeydiyyat və notariat baş idarəsi Notariat idarəsinin böyük məsləhətçisi Zeynəb Dünyamalıyeva, xüsusi notariuslar: Süleyman Məmmədov, Xuraman Əliyeva və Dəyanət Tağıyev təmsil etmişlər.

Seminarın proqramına uyğun olaraq, Rusiya Federasiyası Notariat Palatasının vitse-prezidenti Stanislav Smirnov, Samara vilayətinin Notariat Palatasının prezidenti Qalina Nikolayeva və ölkə notariusları, eləcə də iştirakçı dövlətlərin nümayəndələri notariusların statusu, vərəsəlik hüququnun beynəlxalq hüquqi aspektləri, daşınmaz əmlak və hüquqi şəxslərlə bağlı notariat fəaliyyətinin aktual problemləri, notariat sahəsində həyata keçirilən islahatlar, qəbul edilən normativ hüquqi aktlar, yeniliklər barədə məlumat vermişlər.

Federal Notariat Palatası hüquq şöbəsinin rəisi Aleksandr Saqin notariat hərəkətlərinin qeyd edildiyi notariat reyestrinin kağız daşıyıcısından imtina olunmadan, elektron qaydada reyestrin tətbiqinə başlanacağını, bu halda kağız daşıyıcıda olan məlumatların elektron reyestrə nisbətən daha yığcam məzmunda olacağını vurğulamışdır.

Seminarda həmçinin, daşınmaz əmlakın, eləcə də müəssisələrin alqı-satqısına dair müqavilələrin rəsmiləşdirilməsində, məhdud məsuliyyətli cəmiyyətlərin təsis edilməsində notariusların rolu və fəaliyyət istiqamətləri, elektron notariat, sənəd dövriyyəsi, notariat reyestrlərinin forması müzakirə olunmuşdur.

Azərbaycanda notariat, “Elektron notariat” informasiya sistemi vasitəsilə notariusların digər orqanlarla qarşılıqlı fəaliyyəti, o cümlədən daşınmaz əmlakın dövlət reyestri ilə elektron məlumat mübadiləsinin təşkili, daşınmaz əmlakın təqdim edilməsi müqavilələrinin təsdiqi zamanı sadələşdirilmiş verginin tutulması qaydası, xüsusi notariat institutunun tətbiqi ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklər barədə geniş məlumat verilmişdir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Samara vilayətinin Notariat Palatasının prezidenti Qalina Nikolayeva ilə görüşündə hər iki ölkənin notariat sahəsində tətbiq olunan normativ hüquqi aktlar, notariat fəaliyyəti ilə bağlı qarşıya çıxan problemlər barədə fikir mübadiləsi aparılmışdır.

Keçidlər