X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yarımillik fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat şurası keçirilmişdir

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baş İdarəsində xidmətin 2009-cu ilin birinci yarısındakı fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat şurası keçirilmişdir. Şurada Penitensiar Xidmətin rəhbərliyi və tabelikdə olan qurumların rəisləri iştirak etmişlər.

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Nazim Ələkbərov şuranı açaraq, Xidmətin 2009-cu ilin birinci yarısındakı fəaliyyətindən danışmış və demişdir ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müsbət nəticələr əldə olunmuşdur.

Qeyd olunmuşdur ki, bu il martın 18-də keçirilmiş mühüm dövlət tədbiri - Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi (referendum) penitensiar müəssisələrdə mütəşəkkil şəkildə və heç bir pozuntuya yol verilmədən keçirilmiş, təqsirləndirilən şəxslər və məhkumlar tədbirdə fəal iştirak etmiş, Əsas Qanuna əlavə və dəyişikliklərin lehinə 97,3 faiz seçici məhkum səs vermişdir.

Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda Penitensiar Xidmətin fəaliyyətinin təkmilləşdirilməsinə, cəzaçəkmə müəssisələrinin müasirləşdirilməsinə, həbs olunmuş və məhkum edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin icrasına başlanılmışdır.

Yeni Bakı istintaq təcridxanasının birinci buraxılış obyektlərinin inşası başa çatmış və müəssisə istismara verilmişdir. Məhbuslarla rəftara həsr olunmuş beynəlxalq normalar və qabaqcıl təcrübə nəzərə alınmaqla inşa edilmiş bu yeni müəssisəyə baxış keçirmiş beynəlxalq təşkilatların nümayəndələri, hüquq müdafiəçiləri təqsirləndirilən şəxslər və işçi heyəti üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişlər.

Hesabat dövründə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi "Novruz bayramı münasibətilə Amnistiya elan edilməsi haqqında" 2009-cu il 17 mart tarixli qərarı bütün tabe qurumlarda müəyyən olunmuş müddətdə və uğurla başa çatdırılmışdır. Eyni zamanda, Azərbaycan Prezidentinin 2006-cı il 7 iyun tarixli Fərmanına və Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli qərarına əsasən cari il aprelin 13-dən 22-dək əhalinin növbəti siyahıya alınması tədbiri çərçivəsində məhkumların siyahıya alınması keçirilmiş və müvafiq sənədlər müəyyən olunmuş vaxtda Dövlət Statistika Komitəsinə təqdim edilmişdir.

Vurğulanmışdır ki, Penitensiar Xidmətlə respublikanın hüquq mühafizə orqanları arasında səmərəli əməkdaşlıq nəticəsində cinayətkarlıqla mübarizə sahəsində müsbət nəticələr əldə olunmuş, əvvəllər bağlı qalmış və cəmiyyətdə əks-səda doğurmuş çoxsaylı cinayətlərin üstü açılmış, birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkarlar yaxalanaraq məsuliyyətə cəlb edilmişlər.

Bununla yanaşı, şurada hesabat dövründə bir sıra penitensiar müəssisələrin fəaliyyətində nöqsanlara yol verildiyi qeyd olunmuş, onların aradan qaldırılmasına dair konkret tapşırıqlar verilmişdir. Xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verdiklərinə görə Penitensiar Xidmətin 6 və 12 saylı cəzaçəkmə müəssislərinin rəhbərliyi, bir sıra əməkdaşları ciddi intizam məsuliyyətinə cəlb edilmişlər.

Keçidlər