X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycanın notariat sahəsində müsbət təcrübəsi maraqla qarşılanır

Sentyabrın 28-29-da Bakıda "Hilton" mehmanxanasında Ədliyyə Nazirliyinin, Rusiya Federal Notariat Palatasının və Almaniyanın Qalle-Vittenberq Universitetinin birgə təşkilatçılığı ilə "Daşınmaz əmlakla bağlı əqdlərdə notariusların iştirakı: xarici təcrübə" mövzusunda beynəlxalq seminar keçirilib.

Tədbirdə Rusiyanın Tatarıstan Respublikası və Samara Vilayətinin Notariat palatalarının prezidentləri, Azərbaycan, Rusiya və Belarusun notariusları, hüquqşünas alimlər iştirak ediblər.

Seminarda əşya hüququna dair Almaniya qanunvericiliyinin xüsusiyyətləri, ölkəmizdə daşınmaz əmlakla bağlı əqdlərin rəsmiləşdirilməsinin hüquqi aspektləri, elektron notariat informasiya sistemlərinin imkanları barədə ətraflı məlumat verilib, təqdimatlar keçirilib. Azərbaycanın bu sahədə müsbət təcrübəsinə böyük maraq göstərilib.

Səfər çərçivəsində Rusiya və Belarus nümayəndə heyətinin ədliyyə nazirinin müavini Toğrul Musayevlə görüşü keçirilib.

Görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, bu əlaqələrin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolu vurğulanıb, hüquqi sahədə, o cümlədən notariat orqanları arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Nazir müavini T.Musayev ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ədliyyə sisteminin, o cümlədən notariat orqanlarının inkişafı üzrə aparılan islahatlar, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, notarius korpusunun şəffaf prosedurlar əsasında formalaşdırılması, xüsusi notariat institutunun və elektron notariatın inkişafı barədə məlumat verib.

Seminarın yüksək səviyyədə təşkil olunmasına və səmimi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən qonaqlar Azərbaycanda notariat sahəsindəki yenilikləri, o cümlədən müasir İKT-lərin tətbiqini təqdir edib, təcrübə mübadiləsinin faydasını qeyd ediblər. Nümayəndə heyətinin üzvləri öz ölkələrində notariat palatalarının fəaliyyəti barədə məlumat verərək əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını söyləyiblər.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyində olublar.

Səfər zamanı nümayəndə heyəti, həmçinin Azərbaycan brendi olan "ASAN xidmət" mərkəzinin vətəndaş məmnunluğunu təmin edən çoxşaxəli fəaliyyəti, eləcə də paytaxtın tarixi-mədəni abidələri, o cümlədən Bakının müasir rəmzlərindən sayılan Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Keçidlər