X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qəbələ Rayon Məhkəməsinin yeni müasir inzibati binası istifadəyə verilib

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi təkmilləşdirilib, yeni məhkəmələr təsis olunub, hakimlərin Avropada ən şəffaf seçim qaydaları müəyyən edilib, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun infrastrukturunun müasirləşdirilməsi üzrə xeyli işlər görülüb.

Bununla bağlı dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində paytaxtda və bölgələrdə 13 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib, hazırda isə 8 məhkəmə üçün bina və komplekslərin intensiv inşası aparılır. Bir çox məhkəmə bina və komplekslərin açılışlarında dövlətimizin başçısı şəxsən iştirak edib, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq oktyabrın 5-də Qəbələ rayonunda müasir tələblərə uyğun inşa olunmuş yeni məhkəmə binasının açılışı olub.

Mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin Qəbələ rayonunda abidəsi ziyarət olunaraq, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Parlamentin Regional Məsələlər Komitəsinin sədr müavini Fəttah Heydərov, bölgənin hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Bina ilə tanışlıq zamanı bildirilib ki, ümumi sahəsi 2.900 m2, iki mərtəbədən və zirzəmi qatından ibarət olan məhkəmə binası, digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati zonalara bölünməklə müasir İKT-lə təchiz olunub, bu zaman ölkə Prezidentinin tapşırığına uyğun olaraq "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur yaradılıb, o cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən və audio-video yazılışları aparan "Femida" sistemi və digər avadanlıqlar quraşdırılıb. Burada konfrans və iclas zalları, arxiv və digər xidməti otaqlar mövcuddur. Həmçinin, təqsirləndirilən şəxslərin təhlükəsiz daşınması və saxlanması üçün hər cür şərait yaradılıb.

BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait vardır.

Mərasimdə çıxış edən ədliyyə naziri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi tərəqqisinin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verib.

Bildirilib ki, Ümummilli Liderin humanizm siyasəti uğurla davam olunaraq möhtərəm Prezidentimizin ötən dövrdə imzaladığı sərəncamlarla 3.800-dən çox şəxs əfv olunub, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktı 40 mindən çox şəxsi əhatə edib.

Həmçinin, dövlət başçısının təşəbbüsü ilə cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına səbəb olub.

Ölkə Prezidentinin humanist siyasətinin təzahürü olaraq cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyətinə toxunan nazir bu mühüm sənədin icrası üzrə görülən konkret işlərdən bəhs edib, Sərəncamın qəbulundan sonra istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayının 25 faizə qədər azaldığını, həbsdən azad edilmiş insanların sayının isə xeyli artdığını vurğulayıb.

Sərəncamla məhkəmələrin üzərinə mühüm vəzifələrin düşdüyü, insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti diqqətə çatdırılaraq, bu mənada həbs qətimkan tədbirinin seçilməsinə həssas yanaşılmanın vacibliyi vurğulanıb. Eyni zamanda, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi, qərəzli yanaşmanın, korrupsiyanın yolverilməzliyi qeyd edilib.

Nazir Qəbələ Rayon Məhkəməsinin müasir inzibati binasının istifadəyə verilməsinin məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla məhkəmənin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini bildirib.

Qəbələ rayon icra başçısı S.Abdullayev, millət vəkili F.Heydərov və digər çıxış edənlər regionların hərtərəfli tərəqqisinə, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin inkişafına göstərdiyi xüsusi qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər