X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycanda gender bərabərliyinin vəziyyətinə dair hesabat dinlənilmişdir

BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Komitəsinin 44-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının BMT-nin eyni adlı Konvensiyasının (CEDAW) həyata keçirilməsi üzrə dördüncü dövri hesabatı dinlənilmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 24-də Nyu-Yorkda keçirilmiş tədbirdə iştirak etmişdir. Nümayəndə heyətinə daxili işlər nazirinin müavini Oruc Zalov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, təhsil nazirinin müavini İradə Hüseynova, Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi Murad Nəcəfbəyli daxil idi.

Dinləmələrdə sürətli sosial-iqtisadi inkişaf dövrünü yaşayan ölkəmizdə bir çox sahələrdə olduğu kimi, o cümlədən gender bərabərliyinin təmin olunması üzrə görülən tədbirlərdən danışılmış, Konvensiyanın həyata keçirilməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklər diqqətə çatdırılmışdır.

Milli qanunvericiliyimizin təkmilləşdirilməsi, məişət zorakılığına qarşı mübarizə, əlil qadınların vəziyyəti, insan alveri, təhsil və səhiyyədə, ictimai və siyasi qərar qəbuletmə prosesində qadınların iştirakının artırılması və digər məsələlər üzrə interaktiv dialoq aparılmışdır.

Komitə üzvləri Azərbaycanda iqtisadi artımın qadınların vəziyyətinə müsbət təsir göstərdiyini, qanunvericilik və digər sahələrdəki inkişafın qadınların daha yaxşı təmsilçiliyinə və onların hüquqlarının tam müdafiəsinə imkan yaratdığını qeyd etmiş, gender bərabərliyinin təmin olunması sahəsində Azərbaycan hökumətinin səylərini təqdir edərək, təklif və tövsiyələrini bildirmişlər.

Keçidlər