X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Hakimliyə namizədlər Avropa Məhkəməsində təcrübə keçiblər

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə mühüm əhəmiyyət verilir. Bu sahədə ölkə başçısı cənab İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi ilə bağlı tapşırıqlarının icrası xüsusi diqqət mərkəzində saxlanılır.

Bununla əlaqədar tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif tədris tədbirləri, o cümlədən konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə həftəlik seminarlar, Avropa Məhkəməsinin hakimləri dəvət edilməklə Ədliyyə Akademiyasında ayrıca təlimlər, distant treninqlər keçirilir, Məhkəmənin qərarlarının hakimlər tərəfindən öyrənilməsi təşkil edilir. Həmçinin, hakimlərimizin bilavasitə Avropa Məhkəməsində təcrübə keçmələrinin əhəmiyyəti nəzərə alınaraq çoxsaylı hakimlər Strasburqda tədris səfərlərində olurlar.

Ötən ilin dekabrında ölkəmizin ədliyyə naziri Fikrət Məmmədovun Avropa Məhkəməsinin sədri Guido Raymondi ilə Strasburqda görüşündə bu sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib, faydalı danışıqlar aparılıb.

Əldə olunmuş razılığa əsasən hazırda Ədliyyə Akademiyasında tədris kursu keçən bütün 126 nəfər hakimliyə namizədin ilk dəfə olaraq Avropa Məhkəməsində təlim keçmələri təşkil edilib.

Avropa Şurası İnsan hüquqları siyasəti və inkişaf departamentinin rəhbəri Mixail Lobov, Avropa Məhkəməsinin hakimi və digər təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən həmin təlimlər bu günlərdə başa çatıb.

Təlimlər zamanı İnsan Hüquqları üzrə Avropa Konvensiyasının müddəaları, Avropa Məhkəməsinin presedentləri, şikayətlərin qəbuledilmə kriteriyaları və s. aktual mövzular tədris olunub, Məhkəmənin hakimləri ilə görüşlər keçirilərək təcrübədən irəli gələn məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb, qaldırılan suallara aydınlıq gətirilib.

Hakimliyə namizədlər, həmçinin Avropa Məhkəməsinin fəaliyyəti və iş şəraiti, o cümlədən palatalar, iclas salonları ilə tanış olub, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzrə hakimi Lətif Hüseynovun "Konvensiyanın sisteminə giriş" mövzusunda mühazirəsini dinləyiblər.

Qeyd edək ki, bundan əvvəl bütün hakimliyə namizədlər Türkiyə Ədliyyə Akademiyasında iki həftəlik tədris səfərlərində olaraq təcrübə keçib, qardaş ölkənin məhkəmə-hüquq sistemi ilə tanış olublar. İki ölkənin Ədliyyə nazirlikləri arasında səmərəli əməkdaşlıq nəticəsində baş tutmuş həmin səfər Türkiyənin qabaqcıl kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Keçidlər