X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Ölkəmizdə səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Prezidenti vəzifəsini icra edən Yan Mikallef sentyabrın 11-də Ədliyyə Nazirliyində olmuşdur...

Azərbaycanın yerli özünüidarəetmə sahəsində Avropa Şurası ilə səmərəli əməkdaşlığını qeyd edən nazir müavini Vilayət Zahirov respublikamızda gedən geniş demokratik dəyişikliklərdən, bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması, milli qanunvericiliyin təkmilləşdirilməsi üzrə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmış, bu sahədə Konqresin fəal iştirakını və dəstəyini vurğulamış, bu ilin martında ölkə Konstitusiyasına edilmiş mütərəqqi dəyişikliklərin yerli demokratiyanın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırmışdır.

Eyni zamanda, yerli demokratiyanın möhkəmlənməsi, əks-mərkəzləşmənin dərinləşməsi strategiyasının həyata keçirilməsində «2008-2015-ci illlərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı» ilə bağlı ölkə başçısının Sərəncamından irəli gələn vəzifələrin mühüm önəm kəsb etdiyi bildirilmiş, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi, bələdiyyələrin birləşmə imkanlarının asanlaşdırılması, bələdiyyə torpaqlarının yalnız hərrac və ya müsabiqə yolu ilə mülkiyyətə və icarəyə verilməsi üzrə və digər tədbirlərin yerli özünüidarənin inkişafına kömək edəcəyi qeyd olunmuşdur.

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi ilə əməkdaşlığın inkişafında ölkəmizin güclü siyasi iradə nümayiş etdirdiyini vurğulayan qonaq Azərbaycanda gedən davamlı iqtisadi tərəqqinin şahidi olduğunu bildirmiş, yerli demokratiyanın təzahürü olan bələdiyyələrin inkişafı sahəsində görülən işləri müsbət qiymətləndirmişdir. Y.Mikallef şəhər, kənd və qəsəbə bələdiyyələrinin milli assosiasiyalarının rolunun gücləndirilməsi üzrə həyata keçirilən tədbirləri təqdir edərək, bu ilin dekabrında Kopenhagendə keçiriləcək İqlim Dəyişmələri üzrə Tərəflər Konfransında ölkəmizin fəal iştirak edəcəyinə ümidvar olduğunu, habelə Konqresin Azərbaycanda demokratiyanın inkişafında növbəti addım olacaq bələdiyyə seçkilərində iştirakı ilə bağlı arzusunu bildirmişdir.

Görüşdə qarşılıqlı münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə edilmiş, Konqresdə Azərbaycanın milli nümayəndə heyətinin fəaliyyəti, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi üzrə işlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

Elə həmin gün Yan Mikallef nazirliyin Bələdiyyələrlə İş Mərkəzində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycanın milli nümayəndə heyəti ilə görüşmüşdür.

Keçidlər