X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ölkəmizin beynəlxalq hüquq əməkdaşlığı yüksək səviyyədədir

Respublikamız nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edərək, 10 ildən artıqdır ki, Təşkilatın rəhbər orqanı - İcraiyyə Komitəsində təmsil olunur.

Sentyabrın 5-11-də Ukraynanın paytaxtı Kiyevdə dünyanın 80-ə yaxın dövlətinin 350-dək nümayəndəsinin, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin iştirakı ilə Assosiasiyanın 14-cü İllik Konfransı, Ümumi Yığıncağı və İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Tədbirlərdə ölkəmizi Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil etmişdir.

Tədbirdən əvvəl nümayəndə heyəti Kiyevdə Azərbaycan səfirliyinin yanındakı xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini ehtiramla anmış, yerli hakimiyyət nümayəndələrinin iştirakı ilə Kiyev vilayətinin İrpen şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan mərkəzi parkda onun abidəsi önünə gül dəstələri qoymuşdur.

Konfransda ədalətli məhkəmə hüququnun təmin edilməsi, yuvenal ədliyyə, alternativ cəza növləri, hüquqşünasların treninqi və digər aktual məsələlər müzakirə edilərək, faydalı təcrübə mübadiləsi aparılmışdır.

Təşkilatın İcraiyyə Komitəsinin iclasında mühüm təşkilati məsələlərə baxılmış, Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər müzakirə olunmuş, quruma yeni üzvlər qəbul edilmiş və Assosiasiyanın Baş katibi vəzifəsinə namizədlər müzakirə olunaraq müvafiq seçim edilmişdir. İclasda həmçinin, Assosiasiyanın fəaliyyətinə Azərbaycanın töhfəsi qeyd edilmişdir.

Eyni zamanda, ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə respublikamızda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi üzrə işlərin aparılması nəzərə alınaraq, müasir beynəlxalq təcrübə ilə tanış olmaq məqsədilə səfər zamanı Kiyevin yeni 28 mərtəbəli Apellyasiya Məhkəməsinin binasına baş çəkilmiş, məhkəmənin fəaliyyəti və infrastrukturu ilə tanış olunmuş, hakimlər və prokurorlarla səmərəli fikir və təcrübə mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə faydalı görüşlər keçirilmiş, əməkdaşlığa dair məsələlər müzakirə edilmişdir.

Tədbirlərdə ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev iştirak etmişdir.

Keçidlər