X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notariat fəaliyyəti dövlət başçısının tapşırıqlarına uyğun müasirləşir

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sürətli sosial-iqtisadi yüksəlişi vətəndaşlarımıza mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaradıb. Bu sahədə əhaliyə keyfiyyətli hüquqi xidmətlərin göstərilməsində notariat orqanları mühüm rol oynayır.

İki yüz ilə yaxın tarixi olan Azərbaycan notariatının fəaliyyətinə bu il yaranmasının 100 illiyi geniş qeyd olunan Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusilə önəm verilib, Ədliyyə Nazirliyi tərəfindən Bakı və Gəncə dairə məhkəmələrinin böyük notariusu kontorlarının və tabeliyindəki özəl notariusların fəaliyyəti yaxşılaşdırılıb, onların sayının artırılması ilə bağlı qərarlar qəbul edilib.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən mütərəqqi hüquqi islahatlar aparılmaqla notariat sistemi yeni mərhələyə qədəm qoyub, onun fəaliyyətini tənzimləyən "Notariat haqqında" Qanun qəbul olunub. Dövlət başçısı cənab İlham Əliyevin ədliyyə fəaliyyətinin müasirləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, insanlara layiqli xidmət göstərilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq aparılan islahatlar çərçivəsində notariat təsisatının təkmilləşdirilməsi, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üzrə ardıcıl işlər həyata keçirilir.

Görülən tədbirlər nəticəsində ölkəmizdə beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutu yaradılaraq geniş tətbiq olunur və onlar bu gün respublika üzrə bütün notariat korpusunun 83%-ni təşkil etməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfələrini verirlər.

Eyni zamanda, "e-hökumət" prinsiplərinə uyğun olaraq əhaliyə geniş elektron xidmətlər göstərilir, nazirliyin "e-xidmətlər" bölməsi vasitəsilə vətəndaşlara notariat hərəkətlərinin aparılması qaydalarına, tələb olunan sənədlərə və rüsumların məbləğlərinə dair məlumatlarla tanış olmaq, müvafiq çıxarışlar əldə etmək, banka getmədən bütün ödənişləri kart vasitəsilə nağdsız həyata keçirmək imkanı yaradılıb. Belə xidmətlərdən yararlanmaq üçün notariat kontorlarında universal elektron xidmət köşkləri də tətbiq olunur. Təkcə cari ilin ötən dövründə nazirliyin elektron xidmətlərindən, o cümlədən notariat fəaliyyəti ilə bağlı 2 milyondan çox insan faydalanıb.

Müasir texnologiyalardan istifadə etməklə, həmçinin "Elektron notariat" informasiya sistemi qurularaq, onun əsasnaməsi qəbul edilib. Beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən belə sistem vasitəsilə notariat kontorları vahid şəbəkədə birləşdirilməklə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirilib, ölkə vətəndaşları barədə məlumatlar rəqəmsallaşdırılmaqla və sistemləşdirilməklə notariuslar istənilən avtomobil, şəxsiyyət vəsiqəsinin nömrəsi, ad, soyad və doğum tarixi əsasında şəxsin ailə vəziyyəti, daşınar və daşınmaz əmlak üzrə bağladığı əqdlər barədə tam məlumat əldə etmək imkanına malikdirlər. Bu sistem fiziki və hüquqi şəxslərə daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, dövlət qurumları tərəfindən tələb edilən sənəd və arayışların sayının azaldılmasına və bununla da həmin qurumlara müraciət edilməsi zərurətinin aradan qaldırılmasına xidmət edir. Bu günədək həmin sistemdə 17 milyondan artıq aparılmış notariat hərəkəti barədə məlumat toplanıb.

Bütün bunlar ölkəmizin notariat sahəsindəki nailiyyətlərinə, həmçinin beynəlxalq marağı artırır və bir çox dövlətlər Azərbaycanın bu sahədə müsbət təcrübəsindən bəhrələnirlər. Bu yaxınlarda Rusiya Federasiyasının notariuslardan ibarət mötəbər nümayəndə heyəti ölkəmizə səfər edərək notariat sahəsindəki islahatlar və yeniliklərlə tanış olub, Azərbaycanın nailiyyətlərini nümunəvi qiymətləndirib, o cümlədən elektron notariat sistemini unikallığı ilə fərqləndirib. Səfər zamanı Rusiya nümayəndə heyətinin bir qrup rəhbər üzvlərinin ədliyyə naziri Fikrət Məmmədov ilə görüşü keçirilərək ölkələrimizin hüquqi sahədə əməkdaşlığının inkişaf perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılıb.

Həyata keçirilən tədbirlər çərçivəsində, həmçinin notariuslar korpusunun şəffaf prosedurlarla formalaşdırılması üzrə ardıcıl tədbirlər görülür, son illər aparılmış seçimlər əsasında hazırlıqlı, müasir texnologiyalara bələd şəxslərə notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamələr verilərək, onlar dövlət və ya xüsusi notarius vəzifəsində, o cümlədən Azərbaycan brendi olan "ASAN xidmət" çərçivəsində uğurla fəaliyyət göstərirlər.

Təsadüfi deyil ki, ictimai xidmətlərin müasir modeli olan ASAN mərkəzlərində 200 şəxsin çalışdığı notariat orqanları tərəfindən 2018-ci ilədək üç milyon yarım əməliyyat aparılmaqla vətəndaş məmnunluğuna nail olunub, bu günədək mərkəzlərdə verilən sənədlərin 41%-i məhz notariat orqanlarının payına düşür və bu göstərici ilbəil artır.

Notarius korpusunun komplektləşdirilməsi, bu zaman regionların sosial-iqtisadi tərəqqisinə uyğun olaraq hüquq təsisatlarının inkişafı, yerli hüquqşünasların işlə təminatı Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə mütəmadi müsabiqələr keçirilir. Bir sıra rayonlarda vakant notarius vəzifələri üzrə elan olunmuş növbəti müsabiqə bu günlərdə başa çatıb. Aşkarlıq şəraitində, müasir texnologiyalar tətbiq olunmaqla, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmiş müsabiqədən, o cümlədən Ədliyyə Akademiyasında icbari təlimdən uğur qazanmış namizədlərin notariat fəaliyyəti ilə məşğul olmaları üçün şəhadətnamələrin verilməsi qərara alınıb. Eyni zamanda, fəaliyyəti qiymətləndirilməklə bəzi notariusların şəhadətnamələrinin müddəti uzadılıb.

Yeni təyinatlarla əlaqədar Ədliyyə Nazirliyində notariuslarla nazir müavini Toğrul Musayevin görüşü keçirilib.

Görüşdə dövlət başçısının andiçmə mərasimində proqram xarakterli nitqindən irəli gələn vəzifələr və verdiyi tapşırıqlar diqqətə çatdırılaraq işin müasir tələblər səviyyəsində qurulması, texnoloji yeniliklərin daim mənimsənilməsi, insanlara keyfiyyətli hüquqi xidmətin göstərilməsi vurğulanıb.

Ötən dövrdə bir sıra notariuslara işindəki qüsurlara görə xəbərdarlıq edildiyi, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara, habelə müsahibələrdə müvafiq bilik nümayiş etdirə bilmədiklərinə görə 21 nəfərin fəaliyyətinə xitam verildiyi qeyd olunaraq yeni notariuslara xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl olunmaları barədə tövsiyə və tapşırıqlar verilib, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əminlik ifadə olunub.

Sonda notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamələr təqdim edilib.

Notariuslar nazirlikdə Heydər Əliyev muzeyi və Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Keçidlər