X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Özbəkistan Azərbaycanın ədliyyə sahəsindəki nailiyyətlərinə maraq göstərir

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi hüquqi islahatlar çərçivəsində ədliyyə sistemi təkmilləşir və müasirləşir, bu sahədə nailiyyətlərə və tətbiq olunan yeniliklərə beynəlxalq aləmdə maraq artır. Belə ki, Özbəkistanın Ədliyyə Nazirliyi Azərbaycanın ədliyyə sahəsindəki müsbət təcrübəsindən bəhrələnmək barədə niyyətini bildirib. Bu məqsədlə nazirliyin nümayəndə heyəti cari il avqustun 6-16-da ölkəmizdə səfərdə olub.

Səfər zamanı qonaqlar əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Ədliyyə Nazirliyində Özbəkistan nümayəndə heyəti ilə nazir müavini Toğrul Musayevin görüşü keçirilib.

Ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir müavini dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafı üzrə aparılan islahatlar, nazirliyin ayrı-ayrı istiqamətləri, o cümlədən qanunyaradıcı fəaliyyəti, qulluğa qəbul, əhaliyə göstərilən elektron xidmətlər, eləcə də Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət" mərkəzlərinin vətəndaş məmnunluğunu təmin edən fəaliyyəti barədə məlumat verib, məhkəmə sisteminin müasirləşdirilməsi üzrə aparılan islahatlardan, hakimlərin Avropada ən şəffaf seçim prosedurunun tətbiqindən bəhs edib, qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

Azərbaycana səfərindən məmnunluqlarını ifadə edən qonaqlar respublikamızın hərtərəfli inkişafını təqdir edib, dövlətlərimiz arasında ənənəvi dostluq münasibətlərinin olduğunu vurğulayaraq hüquqi sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər. Nümayəndə heyəti səfər zamanı ədliyyə və məhkəmə sistemindəki nailiyyətlər və tətbiq olunan yeniliklərlə tanış olduqlarını söyləyərək Azərbaycanın bu sahədə qabaqcıl təcrübəsinin öyrənilməsinin ölkəsi üçün faydalı olduğunu bildirib.

Sonra qonaqlar Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Səfər zamanı nümayəndə heyəti nazirlikdə qanunvericilik, qeydiyyat və notariat fəaliyyəti, elektron xidmətlər, reyestrlər və digər elektron informasiya resursları ilə yaxından tanış olub, təqdimatlar keçirilib. Müxtəlif növ sistemlərin funksiya və imkanlarını, habelə elektron xidmətləri əyani izləyən qonaqlar əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.

Eyni zamanda, Özbəkistan nümayəndə heyəti respublikamızın şimal-qərb bölgəsinə səfər edərək yerli və regional ədliyyə qurumlarının fəaliyyəti, müasir penitensiar və məhkəmə infrastrukturu, elektron məhkəmə sisteminin tətbiqi, eləcə də "ASAN xidmət"in innovativ fəaliyyəti, habelə Bakının müasir rəmzlərindən sayılan möhtəşəm Heydər Əliyev Mərkəzi və mədəni-tarixi abidələri ilə tanış olublar.

Keçidlər