X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilib

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.

İclasda ulu öndər Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi, respublikamızın davamlı sosial-iqtisadi tərəqqisi və yüksək nailiyyətləri qeyd olunub. Həmçinin, ölkə başçısının penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2017-ci il fevralın 10-da imzaladığı mühüm, proqram xarakterli Sərəncamının bu istiqamətdə əməli tədbirlərin görülməsi üçün "yol xəritəsi" olduğu vurğulanıb, görülən işlərdən bəhs olunub.

Bildirilib ki, məhkumların islah olunmasında, cəzaların icrası qaydalarına və rejimə riayət edilməsində müstəsna əhəmiyyət kəsb edən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi və cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi institutunun tətbiqi ilə bağlı görülən işlər təhlil olunaraq ümumiləşdirilib və nazirliyin kollegiya iclasında müzakirə edilib. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və dövlət başçısının Sərəncamından irəli gələn tələblərə uyğun qurulması məqsədilə yeni Qaydalar hazırlanıb.

Kollegiyada müzakirə olunaraq qəbul edilmiş Qaydalar bu humanist institutun tətbiqində kollegiallığın, şəffaflığın, obyektivliyin və ictimai iştirakçılığın təmin edilməsinə, məhkumların hüquq və qanuni mənafelərinin daha etibarlı qorunmasına yönəlib. Pilot qaydada bu sahədə fəaliyyət göstərəcək Komissiya Ədliyyə Nazirliyinin, o cümlədən penitensiar və tibb xidmətlərinin, habelə ictimaiyyət nümayəndələrindən ibarət tərkibdə formalaşdırılacaq, onun işinə probasiya xidmətinin əməkdaşları və psixoloqlar da cəlb olunacaq.

İclasda həmçinin, penitensiar müəssisələrin, həbs edilmiş şəxslərin və məhkumların müşayiətinin təhlükəsizliyinin gücləndirilməsi, fövqəladə hallarda işin təşkili məsələlərini tənzimləyən, habelə icra sahəsində fəaliyyətin səmərəliliyinin artırılmasına yönələn normativ akt layihələrinə baxılaraq qəbul olunub.

Eyni zamanda, kollegiyada ədliyyə orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərə dair təqdimat keçirilib. Təqdimatda ədliyyə fəaliyyətində şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi, vətəndaş məmnunluğunun yüksəldilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin və ədliyyə qurumlarına əlçatanlığın artırılması üzrə görülən işlər qeyd olunub, nazirlik tərəfindən 31 elektron xidmətin göstərildiyi və bu xidmətlərdən istifadələrin sayının 11 milyonu ötdüyü bildirilib.

Həmçinin nazirliyin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin genişləndirilməsi imkanları təhlil olunaraq onların çeşidləri nümayiş etdirilib, ölkə başçısının elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tapşırıqlarına uyğun olaraq ədliyyə fəaliyyətinin elektronlaşdırılmasına, mövcud xidmətlərin təkmilləşdirilməsinə dair əlavə tədbirlər müəyyən edilib.

Bununla yanaşı, beynəlxalq əlaqələrin dərinləşdirilməsi üzrə tədbirlərə baxılıb. Qeyd olunub ki, cari ildə Türkiyə, Əlcəzair, Serbiya, Latviyanın ədliyyə nazirləri tərəfindən ölkəmizə səfərlər edilib, ədliyyə sahəsində mühüm sənədlər imzalanıb. Kollegiyada həmin beynəlxalq sənədlərin icrası üzrə zəruri tədbirlərin görülməsi, habelə beynəlxalq görüşlər zamanı ölkəmizdə gedən inkişaf proseslərinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə geniş çatdırılması, eləcə də ədliyyə və məhkəmə sistemində aparılan islahatların və yeniliklərin təbliği tapşırılıb.

Kollegiyada dövlət başçısının "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdiyi 2018-ci ilin demokratik respublikanın yaranmasının 100 illiyi və digər tarixi hadisələr ilə zəngin olmaqla, həmçinin Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə əlamətdar olduğu vurğulanıb, bu münasibətlə nazirlik üzrə müəyyən olunmuş tədbirlər müzakirə edilib, nazirliyin tarixinin hazırlanan sənəd və vəsaitlərdə dolğun və müfəssəl əks olunması ilə bağlı tapşırıqlar verilib.

Vətəndaş cəmiyyətinin inkişafına dövlət dəstəyinin təzahürü olaraq iclasda 17 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Keçidlər