X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov Masallı rayonunda Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilərək qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Bölgə sakinləri onların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasına, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı nazir yerli ədliyyə və məhkəmə orqanlarına baş çəkərək fəaliyyəti və iş şəraiti, habelə Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi Masallı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub, ədliyyə işçiləri ilə görüşərək fəaliyyətin təkmilləşdirilməsi, vətəndaşlara qayğılı münasibət göstərilməklə məmnunluğun təmin olunması, neqativ halların yolverilməzliyi, etik davranış qaydalarına və nizam-intizama dönmədən əməl edilməsi ilə bağlı qəti tapşırıqlar verib.

Həmçinin Dünya Bankı ilə birgə həyata keçirilən "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində Masallıda inşa olunan yeni məhkəmə binasının tikintisinin gedişatı ilə tanış olunub. Müasir tələblərə uyğun inşa olunan üç mərtəbədən ibarət məhkəmə binasının vətəndaşlarla hakimlər arasında qeyri-prosessual münasibətlərin qarşısını almaq məqsədilə ictimai və inzibati zonalara bölünməsi, həmçinin, elektron məhkəmə informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastrukturun quraşdırılması nəzərdə tutulub. Nazir tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılmasına dair müvafiq göstərişlər verib.

Həmin gün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şirvan Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə geniş zona müşavirəsi keçirib.

Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin də iştirak etdiyi müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, bu sahədə yol verilən nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.

Müşavirədə ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq görülən işlərdən danışan Fikrət Məmmədov məhkəmə sisteminin müasirləşdirilməsini, hakimlərin ən şəffaf seçimini, elektron məhkəmə informasiya sisteminin tətbiqini, yeni məhkəmə bina və komplekslərinin tikilərək istifadəyə verilməsini qeyd edərək, həyata keçirilən tədbirlərin məhkəmə fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanları artırılmaqla məhkəmə sisteminə əlçatanlığın asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib.

Qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, şəffaflığın artırılması, korrupsiyanın yolverilməzliyi daim diqqətdə saxlanılır. Ötən dövrdə kobud qanun pozuntularına, korrupsiya hüquqpozmalarına və vətəndaşların haqlı narazılığını doğuran digər nöqsanlara yol verən hakimlər barəsində Məhkəmə-Hüquq Şurasının qərarları ilə ciddi intizam tədbirləri görülüb. Təkcə ötən il qiymətləndirmə nəticəsində 20 hakim, o cümlədən 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəməsinin 8 hakimi aşağı işə keçirilib.

Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik, işlərin hərəkətsiz saxlanılması, tərəflərin bərabərliyi və çəkişmə prinsipinin real təmin olunmaması, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftara yol verilməsi qeyd olunaraq belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib.

Bununla bağlı məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf hakimlərin təmsil olunmasının zəruriliyi vurğulanıb, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilərək hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması, eləcə də hakim korpusunun yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi üzrə işlərin davam etdirildiyi qeyd olunub.

Həmçinin, etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşların məhkəmələrə etimadının artırılması ilə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb, apellyasiya məhkəmələri tərəfindən prinsipiallığın artırılmasının, qanun pozuntularına ciddi reaksiya verilməsinin, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.

Keçidlər