X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Akademiyası hakimliyə namizədləri tədris edir

Mətbuatda xəbər verildiyi kimi, çoxmərhələli şəffaf və mütərəqqi prosedurlar əsasında keçirilən hakim vəzifəsinə namizədlərin seçimi zamanı test, yazılı və şifahi imtahanlardan uğur qazanmış 80 nəfər növbəti mərhələyə - ilkin uzunmüddətli tədris kurslarına buraxılmışlar.

Ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən işlərin davamı olaraq dövlət başçısının 1 oktyabr 2009-cu il tarixli Fərmanı ilə hakimliyə namizədlərin tədrisi Ədliyyə Akademiyasına həvalə olunmuşdur.

Oktyabrın 19-da həmin kursun təntənəli açılışı olmuşdur. Tədbirdə ilk mühazirə ilə çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından danışaraq, məhkəmə sisteminin müasirləşdirilməsi, hakimlərin müstəqilliyinin təmin olunması, əhalinin məhkəmələrə inamının gücləndirilməsi və müraciət imkanlarının asanlaşdırılması üzrə işləri xüsusi vurğulamışdır. İlk dəfə geniş dinləyici spektrinə malik Ədliyyə Akademiyasında ədliyyə işçilərinin, vəkillərin, prokurorların peşəyə buraxılışı məqsədilə icbari təlimlərin, həmçinin hakimlərin davamlı və hakimliyə namizədlərin uzunmüddətli tədris kurslarının təşkil olunmasının əhəmiyyətini qeyd edən F.Məmmədov bu tədbirlərin hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına, ədalət mühakiməsinin ən yüksək səviyyədə həyata keçirilməsinə xidmət edəcəyini bildirərək, kursa başlayan hakimliyə namizədlərə uğurlar arzulamışdır.

Qeyd olunmalıdır ki, Akademiyada tədris olunacaq kursun proqramı müasir metodika və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış, namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilərək, proqrama ən aktual, o cümlədən insan haqları, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri, habelə məhkəmə etikası, korrupsiya ilə mübarizə, milli qanunvericiliyin yenilikləri və digər məsələlərə dair mövzular daxil edilmiş, müxtəlif məhkəmələrdə bir neçə aylıq staj keçmələri nəzərdə tutulur.

Kursda yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin, habelə nüfuzlu xarici mütəxəssislərin mühazirələri təşkil olunacaq və eyni zamanda, kurs çərçivəsində hakimliyə namizədlərin xarici ölkələrdə təcrübə keçməsi də planlaşdırılır.

Keçidlər