X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

İctimai Komitənin hesabat görüşü keçirilmişdir

Ölkəmizdə penitensiar sistemin müasirləşdirilməsi üzrə ardıcıl və genişmiqyaslı islahatlar, o cümlədən məhkumların hüquqlarının etibarlı təmin olunması, onların saxlanma şəraitinin, ərzaq, tibb və digər təminantlarının daha da yaxşılaşdırılması, penitensiar sistemin yeni müasir infrastrukturunun yaradılması üzrə işlər aparılır, bu sahədə şəffaflığın və aşkarlığın təmin olunmasına, ictimai nəzarətin daha da gücləndirilməsinə, məhkumların islah olunmasına xüsusi önəm verilərək, onların azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, sosial reabilitasiyası üzrə səylərin daha da artırılması diqqət mərkəzində saxlanılır.

2006-cı ildən məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakının təmin edilməsi Qaydalarına əsasən ədliyyə naziri yanında fəaliyyətini davam etdirən İctimai Komitə bu ilki səlahiyyət müddətində təsdiq etdiyi fəaliyyət planına uyğun olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrinə müntəzəm baş çəkmələr etmiş, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların ictimai faydalı əməyə cəlb olunmasına, asudə vaxtlarının səmərəli təşkilinə, hüquqi yardımın göstərilməsinə, maarifləndirilmə tədbirlərinin keçirilməsinə və digər məsələlərə diqqət yetirmişdir. Qeyd olunmalıdır ki, başçəkmələrin nəticələri üzrə Ədliyyə Nazirliyinə hesabatlar təqdim olunmuş, müvafiq yığıncaqlar keçirilmiş, ictimaiyyətə açıqlamalar verilmişdir.

Mətbuatda xəbər verildiyi kimi, qurumun 3-cü tərkibinin səlahiyyət müddəti başa çatmaqdadır. Bununla əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət olan Seçki Komissiyası tərəfindən müvafiq Qaydalara uyğun olaraq İctimai Komitənin fəaliyyətinin qiymətləndirilməsi və təhlillərin aparılması həyata keçirilərək qurumun yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Oktyabrın 28-də ölkə ictimaiyyəti və media nümayəndələrinin, xarici ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə İctimai Komitə üzvlərinin Seçki Komissiyası ilə hesabat görüşü keçirilmişdir.

İclasda İctimai Komitənin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər müzakirə olunaraq həlli tələb olunan məsələlərə diqqət yetirilmiş, Komitənin vətəndaş cəmiyyəti və hüquq-mühafizə orqanları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın həyata keçirilməsinə imkan verən nümunəvi model olduğu, ölkəmizdə belə bir mexanizmin fəaliyyətinə beynəlxalq marağın artdığı vurğulanmışdır.

İnteraktıv dialoq şəraitində keçən iclasda İctimai Komitənin illik hesabatına dair hazırlanmış prezentasiyası nümayiş etdirilmiş, faydalı fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilmişdir.

Keçidlər