X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə işçilərinin peşə bayramı geniş qeyd olunmuşdur

Artıq 10-cu ildir ki, 22 noyabr tarixində Azərbaycan ədliyyə işçiləri öz peşə bayramlarını yüksək fəxr hissi ilə təntənəli şəkildə qeyd edirlər.

Bayramla əlaqədar ədliyyə işçiləri və hakimlər Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, dahi öndərimizin xatirəsi dərin ehtiramla yad etmiş, abidəsi önünə əklil qoymuşlar. Həmçinin akademik Zərifə Əliyevanın məzarı önünə gül dəstələri düzülmüş, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş övladlarımızın əziz xatirələri anılmışdır.

Əlamətdar bayram münasibətilə ölkəmizin Ali Məhkəmənin möhtəşəm və əzəmətli binasında geniş yığıncaq keçirilmişdir. Tədbirdən əvvəl ədliyyə işçiləri Ali Məhkəmənin yüksək statusuna uyğun olan müasir inzibati binasında yaradılmış gözəl şəraitlə, Heydər Əliyev və məhkəmə tarixi muzeyi ilə tanış olmuşlar.

Dahi öndərimizin abidəsi önündə yüksək səviyyədə təşkil olunmuş mərasimi Ali Məhkəmənin sədri Ramiz Rzayev açmış, peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik etmişdir.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından, ədliyyənin inkişafından danışmış, peşə bayramı ərəfəsində bir qrup əməkdaşa ali xüsusi rütbələrin verilməsinə, ədliyyənin fəaliyyətinə yüksək diqqət və qayğıya görə iştirakçılar adından dövlət başçısına dərin minnətdarlıq bildirmiş, bayram günlərində keçirilmiş silsilə tədbirlər barədə məlumat vermişdir.

Yığıncaqda fəaliyyətində fərqlənmiş bir qrup ədliyyə və məhkəmə orqanlarının işçiləri mükafatlandırılmış, onlara xüsusi rütbələr, fəxri medal və fərmanlar, xidməti minik avtomobillərinin açarları, habelə veteranlara xatirə hədiyyələri təqdim olunmuşdur.

Çıxış edən ədliyyə işçiləri, gənc mütəxəssislər öz fəaliyyətlərini ölkə Prezidentinin yüksək tələbləri səviyyəsində quraraq, dövlətimizin daha da qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində ölkə başçısına layiqli yardımçı olacaqlarını bildirmişlər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilmişdir.

Sonra Azərbaycan Ədliyyəsinin tarixinə və müasir fəaliyyətinə həsr olunmuş film nümayiş olunmuş, mərasim mədəni proqramla davam etmişdir.

 

Keçidlər