X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilmişdir

Ədliyyə Nazirliyi fəaliyyətində aşkarlığın genişləndirilməsinə, QHT və hüquq müdafiəçiləri ilə əməkdaşlığın səmərəsinin artırılmasına xüsusi önəm verir. Artıq 4-cü ildir ki, ədliyyə naziri yanında penitensiar sistemin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən və məhkumların islah olunmasında iştirak edən İctimai Komitə fəaliyyət göstərir.

Bu müddət ərzində Komitənin üzvləri tərəfindən bütün penitensiar müəssisələrə müntəzəm olaraq 240-dən artıq başçəkmələr edilmiş, nəticələri üzrə qeyd və tövsiyələri əks etdirən hesabatlar təqdim olunmuş, bununla bağlı zəruri tədbirlər görülmüşdür. Həmçinin, Komitə tərəfindən məhkumların islah olunması və maarifləndirilməsi üzrə əhəmiyyətli işlər həyata keçirilmiş, cəzaçəkmə müəssisələrində «hüquqi yardım» günləri, bir sıra mədəni tədbirlər təşkil olunmuşdur.

Ötən ilin dekabrında İctimai Komitənin bir illik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti qurumların təmsilçilərindən ibarət olan Seçki Komissiyasının iclası keçirilmiş, qurumun fəaliyyəti qiymətləndirilmiş və tərkibi yenidən formalaşdırılmışdır. Yanvarın 14-də Komitənin yeni tərkibdə ilk iclası keçirilmiş, son bir illik fəaliyyət dövründə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuş, hüquq müdafiəçisi Əliməmməd Nuriyev qurumun koordinatoru seçilmişdir.

Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov ölkə Prezidenti canəb İlham Əliyevin tapşırıqlarına əsasən penitensiar sistemdə aparılan köklü islahatlardan danışmış, məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin, ərzaq, tibb və digər təminatlarının yaxşılaşdırılması, müasir penitensiar infrastrukturların yaradılması üzrə işləri qeyd edərək ötən il ən yüksək tələblərə cavab verən Bakı istintaq təcridxanasının istifadəyə verildiyini, insan hüquqlarının qorunmasına daim xüsusi diqqət yetirən ölkə başçısının müəssisəyə baş çəkdiyini, yaradılan şəraitlə tanış olduğunu vurğulamışdır.

Bu sahədə şəffaflığın və aşkarlığın təmin olunmasına, səmərəli ictimai nəzarətin həyata keçirilməsinə xüsusi diqqət yetirildiyi bildirilərək, Komitə ilə qarşılıqlı dialoqun və əməkdaşlığın əhəmiyyəti vurğulanmış, monitorinqlərin dairəsinin genişləndirilməsi, məhkumların islah olunması, onların məşğulluğu, mədəni inkişafı və digər məsələlərdə fəallığın artırılması barədə tövsiyələr verilmişdir.

İclasda Komitə üzvləri aparılan uğurlu penitensiar islahatların, əsaslı müsbət dəyişikliklərin şahidi olduqlarını vurğulamış, cəmiyyətimizdə nüfuzu artan İctimai Komitənin penitensiar sistemdə milli preventiv mexanizm rolunu oynadığını və beynəlxalq aləmdə nümunəvi bir model kimi yüksək qiymətləndirildiyini qeyd etmişlər. Eyni zamanda, Ədliyyə Nazirliyi tərəfindən qurumun üzvlərinə hər cür şərait yaradıldığına görə minnətdarlıq bildirilərək bundan sonra səylərin daha da artırılacağı bəyan edilmişdir.

Tədbirin sonunda nazir qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim etmiş və uğurlu fəaliyyət arzulamışdır.

 

Keçidlər