X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Məhkəmə ekspertizasında müasir texnologiyalar uğurla tətbiq olunur

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində 2009-cu ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilmişdir.

Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Mərkəzin rəisi Fuad Cavadov dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sisteminin müasirləşdirilməsi çərçivəsində ölkəmizdə bütün növ (qeyri-tibb) məhkəmə ekspertizalarını həyata keçirən Məhkəmə Ekspertizası Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi, fəaliyyətin dövrün tələbləri səviyyəsində qurulması, məhkəmə ekspertizasının keyfiyyətinin daha da yüksəldilməsi, qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə ən müasir texnoloji yeniliklərin tətbiqi üzrə görülən işləri vurğulamış, yeni alınmış avadanlığın köməyi ilə əl-barmaq və ovuc izlərinin, dünyanın, demək olar ki, bütün ölkələrinə aid pasport nümunələrinin və sürücülük vəsiqələrinin, ən müxtəlif qida məhsullarının, narkotik vasitələrin, hətta mənşəyi naməlum olan maddələrin qısa vaxt ərzində obyektiv, hərtərəfli və dəqiqliklə tədqiq edilməsini qeyd etmişdir.

Bildirilmişdir ki, 2009-cu ildə Mərkəz tərəfindən 34 ekspertiza növü üzrə 16 mindən çox rəy verilmiş, hüquq-mühafizə orqanlarına cinayətə və digər ağır nəticələrə səbəb olan qanun pozuntularının aradan qaldırılması üçün 300-dən çox profilaktik sənəd, həmçinin ekspertizaların təyini, aparılması və ekspert rəylərin qiymətləndirilməsi ilə bağlı 90-a yaxın metodiki məktub göndərilmiş, 1000-dən artıq profilaktik tövsiyə və 4000-ə yaxın metodiki məsləhət verilmişdir. Eyni zamanda, istintaq orqanlarına və məhkəmələrə, habelə Mərkəzin Naxçıvan filialına zəruri elmi-metodiki köməklik göstərilmiş, bu məqsədlə məhkəmə-fonoskopik ekspertizasına dair izahlı terminlər lüğəti, həmçinin soyuq silahların kataloqu hazırlanmış, məhkəmə ekspertizası, kriminalistika, kriminologiya və hüququn digər sahələrinə aid 30 mövzu üzrə elmi-tədqiqat işləri aparılmışdır.

İclasa yekun vuran ədliyyə nazirinin müavini Vilayət Zahirov ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində, cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun, dövlətin və vətəndaşların hüquqi mənafelərinin qorunmasında məhkəmə ekspertizasının əhəmiyyətini qeyd etmiş, müasir texnologiyaların tətbiqinin ekspertiza təhqiqatlarının dairəsinin genişlənərək, onların daha operativ, dolğun və dəqiq aparılmasına, rəylərin mötəbərliyinin təmin olunmasına xidmət etdiyini söyləmiş, xarici dövlətlərin ekspertizaların təyin edilməsi ilə bağlı ölkəmizin bu nailiyyətlərindən bəhrələnməsinin Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğunu vurğulamışdır.

Sonda Mərkəzin fəaliyyətinin daha da təkmilləşdirilməsi, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması, işin səmərəliliyinin artırılması üçün konkret tapşırıqlar verilmişdir.

Keçidlər